Qəzalı avtomobillərin utilizasiya problemi

3 Oktyabr 2012 09:27 (UTC+04:00)

Yol qəzalarında bəzən avtomobillərin tam yararsız hala düşməsi hallarına da tez-tez rast gəlinir. Hətta belə avtomobillərin sonradan təmir xərcləri o qədər böyük olur ki, sahibləri bundan vaz keçərək həmin maşınları belə demək mümkünsə atmağa üstünlük verirlər. Maraq doğuran məqam isə atılmış və sahibsiz qalmış belə avtomobillərin sonrakı taleyidir. Özü də belə avtomobillərin sayı elə də az deyil. Yəqin ki, magistral yollarda hərəkət edərkən yol patrul xidməti postlarında saxlanılan qəzalı avtomobilləri görmüsünüz.

Bu əzik-üzük, insanda pis əhval-ruhiyyə yaradan avtomobillər yol kənarlarında bəzən illərlə qalır. Bu nəqliyyat vasitələri ilə baş verən yol qəzalarının demək olar ki, hamısı ağır xəsarət və ya ölümlə nəticələnib. Avtomobillər isə qeyd olunduğu kimi yararsız vəziyyətdədir. Qaydalara görə, hadisə ilə bağlı araşdırmalar və ya məhkəmə prosesi yekunlaşanadək avtomobillər yol kənarlarında qalmağa məhkum olur. Amma bütün bu proseslərdən sonra sahibi tapılmayan avtomobillər də var. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, belə avtomobillərin 70-80 faizi kreditdə olanlardır. Lakin etiraf etmək lazımdır ki, hər bir halda qəzalı avtomobillərin bu cür sərgilənməsi doğru deyil. Bununla bağlı qanunverici bazanın və utilizasiya məntəqələrinin olmaması da yol polisinin işini çətinə salır. Sürücülər parçalanan, yanan avtomobil gördükdə istər-istəməz hansısa mənfi enerji ilə yüklənir. Hələ hansısa insanın yaxınları bu cür qəzaların qurbanı olubsa daha pis. Deyilənləri mütəxəssislər də təsdiqləyir. Yollarda hərəkətdə olan sürücülər də "Lider" telekanalının məlumatına görə, qəzalı avtomobillərin postlarda saxlanmasını birmənalı qarşılamır. Bütün hallarda qəzalı avtomobillərin qapalı yerlərdə saxlanılması daha məqsədəuyğun hesab edilir. Xarici təcrübə də bunun belə olduğunu göstərir. Yol nəqliyyat hadisələrinin sayının son zamanlar artması da məsələnin həllini vacib edir.

Bu günlərdə isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev olduqca maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir: "Azərbaycanda qəzanın sayı enir, yaralının sayı enir, lakin ölümün sayı artır. Son 8 ayda 179 yol-nəqliyyat hadisəsinin azalması az fərq deyil. Baxmayaraq ki, il ərzində ölkədə nəqliyyat vasitələrinin sayı 73 mindən çox artıb. Ancaq qəzanın sayı azalıb. Lakin burada ölüm faktının 88 nəfər artması nədən xəbər verir? Bu gün heç kəs köhnə avtomobilindən əl çəkmək istəmir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti istismar müddəti bitmiş həmin köhnə avtomobillərin iştirakı ilə baş verir". Onun sözlərinə görə, texniki cəhətdən həmin nəqliyyat vasitələrinə nasaz demək olmasa da, o avtomobilin köhnəlməsi, onun metalının artıq zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir: "Yəni bunların təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. İnsanlar da başa düşməlidirlər ki, bu avtomobillər maksimum 20 il istifadə oluna bilər. 20 ildən sonra avtomobilə nə qədər texniki cəhətdən qulluq etsən də, onun metalında köhnəlmə gedir. Metal artıq yeni avtomobil kimi zərbəyə davamlı olmur". DYP rəsmisi hesab edir ki, Azərbaycanda avtomobillər utilizasiya edilməlidir. Belə utilizasiya həm də ağır qəzaya uğrayan və deformasiyaya məruz qalan avtomobillər də tətbiq edilməlidir. Bu ənənə daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir və bir neçə amillə, o cümlədən ekoloji təmizliyə nail olmaq istəyilə bağlıdır. Bundan başqa köhnə avtomobillərin utilizasiyası mütləq həyata keçrilməlidir. ABŞ-da, eləcə də bir sıra Avropa ölkələrində, avtomobilin ilindən asılı olaraq onu sahibinin dövlətə ödədiyi verginin məbləği artır. Bu isə avropalıları köhnə maşınlarını təhvil verməyə, əvəzində isə yenisini əldə etməyə sövq edir. Birdə ki, bəzi ölkələrdə insanlar köhnə maşında gəzməyi özlərinə layiq bilmir. Köhnə avtomobillərin utilizasiyası istehsalın və satışın sürətlənməsinə, dolayısı ilə iqtisadi inkişafa təkan verir. 2008-2009-cu illərin böhranında avtomobil sənayesindəki vəziyyəti normal saxlamaq üçün məhz bu cür üsuldan istifadə edildi. Məsələn, ABŞ-da 3 il əvvəl tətbiq olunmuş utilizasiya ölkədə iqtisadi artıma nail olmağa imkan vermişdi. Belə ki, iqtisadi böhran nəticəsində ümumi daxili məhsulu (ÜDM) 9 ay ardıcıl olaraq azalan Amerikada avtomobil satışının artması hesabına 0,5%-lik iqtisadi inkişaf qeydə alınmışdı. Buna səbəb isə avtomobil satışının kəskin azalmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş dövlət proqramı idi. Ona uyğun olaraq, köhnə avtomobili təhvil verib yenisini alan şəxsə dövlət 4,5 min dollar vəsait ödəyirdi.

Rusiyada isə 2 il bundan əvvəl ölkənin aparıcı avtomobil istehsalçısı VAZ-ın tətbiq etdiyi yeniliyə əsasən köhnə avtomobili təhvil verib yenisini götürənə 50 min rubl, yəni təxminən 1650 ABŞ dolları endirim vəd olunurdu.