Hacı İbrahim Beynəlxalq Bankın yeni sədri ilə görüşmək istəyir

20 Avqust 2015 17:50 (UTC+04:00)

"Avesta Concern"nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin yeni sədri Elmar Məmmədovla görüşmək istəyir.  Bu barədə publika.az-a hacı İbrahim Nehrəmli özü bildirib. Yeni rəhbəri bu vəzifəsinə görə təbrik etdiyini vurğulayan Hacı İbrahim görüş zamanı bankdan götürdüyü kreditlə bağlı söhbət etmək niyyətindədir. İş adamı Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərinin atasını yaxşı tanıdığını da söyləyib: "Mən təzə rəhbərin atası Mamed kişini yaxşı tanıyıram, o çox hörmətli adamdır, mənim də ona böyük hörmətim var. İnanıram ki, o da atası kimi yüksək peşəkarlığa malik olan adamdır. Əminəm ki, o, yeni vəzifəsinin öhdəsindən çox uğurla gələcək. Digər tərəfdən isə onu deyim ki, hər kəs banklardan götürdüyü kreditləri vaxtında qaytarmaqda məsuliyyətli olmalıdır. Banklar isə pulları qaytarması üçün öz müştərilərinə kömək etməlidir, qapıları müştərilərin üzünə bağlamamalıdırlar. Bu cür qarşılıqlı əməkdaşlıqdan həm bank qazanır, həm də müştəri öz biznesini inkişaf etdirə bilir".


Hacı İbrahim hazırda heç bir bahalı yaxta və ya təyyarəyə malik olmadığını da söyləyib: "Hazırda mənim heç bir bahalı yaxtam və ya təyyarəm yoxdur, hamı kimi mən də sadə həyat tərzi sürürəm. İnşallah dövlətə olan borcumu qaytarandan sonra özümə yaxşı təyyarə, avtomobil və yaxta alacam. Əsas dövlətə olan borcları qaytarmaqdır".

İş adamı əlavə edib ki, hazırda yalnız Azərbaycan Beynəlxalq Bankına borcu qalıb: "Digər banklardan götürdüyüm kreditləri artıq bağlamışam, inşallah Beynəlxalq Bankdan götürdüyüm kreditləri də bağlayacam".