Asiya İnkişaf Bankı bazara 2 mlrd. dollarlıq istiqraz çıxarıb

20 Avqust 2015 19:20 (UTC+04:00)

Asiya İnkişaf Bankı (ADB) bazara 5 il müddətinə 2 mlrd. ABŞ dolları həcmində istiqraz emissiyasını çıxarıb. "Report" xəbər verir ki, bu barədə ADB-nin baş xəzinədarı Pyer van Petegem (Pierre van Peteghem) deyib. İllik gəlirliyi 1,625% olan istiqrazlar üzrə hesablanan faizlər ildə iki dəfə ödəniləcək. Son ödəmə tarixi isə 2020-ci il mayın 26-dır. Əməliyyatlar "Bank of American Merrill Lynch", "Goldman Sachs", "JP Morgan" və RBC tərəfindən idarə ediləcək. Sindikat qrupuna "BNP Paribas", "Citi", "Credit Suisse", "Daiwa", "DBS Bank", "Deutsche Bank", HSBC, "Morgan Stanley", "Nomura" və "TD Securities" daxildir. İstiqraz emissiyasının 34%-i Asiya, 25%-i Avropa, Orta Şərq və Afrika, 41%-i isə Amerikanın payına düşüb. İstiqrazların 53%-i mərkəzi banklara və rəsmi institutlara, 38%-i kommersiya banklarına, qalan 9%-i isə fond menecerləri və digər növ investorlara satıla bilər.

Qeyd edək ki, ADB 2015-ci ildə kapital qoyuluşlarını 19 mlrd. dollara çatdırmağı planlaşdırır.