Təbiəti zibilləyənlərin “qara siyahı”sı hazırlanacaq?!

21 Avqust 2015 08:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafıDepartamentinin direktoru Vaqif Cavadov bildirib ki, Göygöl Milli Parkını zibilləyən vətəndaşlarla bağlı "qara siyahı" tətbiq ediləcək. O qeyd edib ki, həmin qara siyahı Milli Parkın girişində vurulacaq və ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Milli Parkın ərazisini zibilləyən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcək və İnzibatı Xətalar Məcəlləsinə görə 800 manatadək cərimələnəcəklər.

Təəssüf ki, insanlar bəzən təbiət qoynunda istirahət güşələrini zibilləyirlər. Heç kimə sirr deyil ki, əslində, Göygöllə yanaşı, təbiət qoynunda olan digər istirahət guşələrini də zibilləyənlər kifayət qədərdir. Bu fonda bel əyerləri də zibilləyənlərin "qara siyahı"sının hazırlanması təklif olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev sözügedən addımın bütün təbiət qoruqları və milli parklara, istirahət güşələrinə münasibətdə atılmalı olduğunu dedi: "Göygöl Milli Parkı Azərbaycanda ilk yaradılan qoruqlardandır. Bu ərazi təbiətin olduqca unikal sahəsidir, zəlzələ nəticəsində yaranan uçqun mənşəli bir göldür. Həmin göl həm də ətraf əraziləri içməli su ilə təmin edir. Bundan başqa, bu ərazi təbiətin möcüzəsi sayılır. Bu qoruq sovet dönəmində ciddi şəkildə qorunurdu. Ərazi toxunulmaz sahə kimi həmişə dövlətin diqqətində olub. Göygöl Milli Parkını zibilləyənlərə qarşı həyata keçirilən bütün cəza tədbirlərini alqışlayıram. Eyni zamanda, bildirirəm ki, belə sərt tədbirlərin digər təbiət qoruqlarına, istirahət güşələrinə münasibətdə də tətbiq edilməsi vacibdir. Azərbaycanda təbiətə qarşı olan amansız düşüncələrin birmənalı şəkildə aradan qaldırılması üçün bütün lazımı cəza və digər maarifləndirici tədbirlərin həyata keçirilməsi mütləqdir. Bu cür cəza tədbirləri bütün qoruqlara, parklara, istirahət güşələrinə tətbiq olunmalıdır. Hətta bu istiqamətdə ən sərt qanunlar daha da sərtləşdirilməlidir. Azərbaycan təbiəti olduqca unikal və təkrarolunmaz gözəlliyə malikdir. Bu möcüzəni məhv etmək yolverilmzdir. Bildiyiniz kimi ərazilərimizin ən gözəl sahələri işğal altındadır. Yerdə qalan ərazilərimizin isə özümüz tərəfdən məhv edilməsinə heç bir haqqımız yoxdur. Qanun bütün sərtliyi ilə burada tətbiq olunmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun təbiətə vurduğu ziyan bəşəriyyətə, bütün canlı aləmə ziyan vurması deməkdir. Qanunlar adətən, o zaman humanist olur ki, insan dərk edir və bu fonda da ona əməl edir. Belə olan halda qanunları nisbətən yumşaltmaq olar. İnsan qanunun aliliyini dərk etmirsə, ona qarşı ən böyük intizam yolu cəzadır. Malaziya, Sinqapur kimi ölkələrdə büdcənin böyük hissəsini cərimələr təşkil edir. Sinqapurda metroda hansısa xətti düzgün keçməməyə görə 800 dollara qədər cərimə ödənilir. Bütün dünya ölkələri belə maarifləndirici addımlar, cəza tədbirləri ilə qanunlara riayət etməyə alışıblar. Amma qanunların olması ilə də kifayətlənmək lazım deyil, onun tətbiqinə xüsusi diqqət yetirilməli, bu yolla da təbiətimizi qorumalıyıq. Təbiət bizə ona görə verilməyib ki, onu dağıdaq, ona görə verilib ki, onu gələcək nəslə yaxşı vəziyyətdə çatdıraq".

Ekoloq Samir İsayev də qeyd etdi ki, "qara siyahı"larla bağlı məsələ bütün təbiət qoruqları, milli parklara da şamil edilməlidir: "Milli parkları zibilləyənlərin adlarının "qara siyahı"ya salınması və onların bura buraxılmaması təcrübəsi artıq çoxdandır var. Şahdağ Milli Parkı ilə bağlı da belə bir məsələ qalxmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin belə bir mövqeyi oturuşmuş beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, dünyanın hər bir yerində milli parklarda ətraf mühitə zərər vuran, davranış qaydalarını pozan adamların həmin milli parka və digər bu tip obyektlərə buraxılmaması üçün "qara siyahı"ların hazırlanması ənənəsi vardır. Milli Park təbiətin bir hissəsidir. O baxımdan təbiətin qorunmasını təmin etmək üçün müxtəlif tədbirlərdən istifadə etməliyik. Çünki, burada ilk növbədə məqsəd təbiəti qorumaqdır. Milli Park böyük ərazi olduğundan bura gələn insanların hər bir hərəkətini izləmək mümkün deyil. Təsadüfən görəndə ona qarşı qanuna müvafiq olaraq cəza tədbirləri görmək olar. Amma görmədikdə o şəxs təbiətə zərər vurmaqla çıxıb gedəcək. Bu baxımdan belə insanların "qara siyahı"ya salınması bir maarifləndirmə xarakteri daşıyır. Həmin insanın, o cümlədən digərlərinin də ona baxıb, belə hərəkətlərdən çəkinməsi üçün belə addımların atılması vacibdir. "Qara siyahı"lar formal xarakter daşıyır. Bu, o demək ki, "qara siyahı"ya düşən insan ömrü boyu bir daha milli parklara buraxılmayacaq. Həmin insan sonradan ətraf mühitlə bağlı hansısa uğurlu bir fəaliyyət həyata keçirsə, hansısa qaydada peşmançılığı məlum olsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların adını "qara siyahı"dan çıxarır. Amma "qara siyahı"ların yaradılmasında əsas məsələ təbiətin, ətraf mühitin mühafizəsidir. Ona görə anoloji təcrübədən digər milli parklar və qoruqlara münasibətdə də istifadə edilməlidir".