Ucuz dərmanların bahalı analoqları

21 Avqust 2015 09:00 (UTC+04:00)

Gündəlik həyat tərzimiz, qida, məşğuliyyət, ətraf mühit bizi səhhətimizə də xüsusi diqqət yetirməyə vadar edir. Bu fonda faktdır ki, çoxlarının yolu ya məcburiyyətdən, yaxud da hansısa səhhət problemini əvvəlcədən önləmək üçün həkimdən, aptekdən keçir. Ancaq bu, bəzən insanları əlavə xərclərə gətirib çıxarır. Buna səbəb isə satışdakı eynitərkibli dərmanların müxtəlif, hətta müqayisəcə olduqca baha olmasıdır.

Halbuki, həmin bahalı farmesvtik preparatları çox asanlıqla ucuz analoqlarla əvəzləmək mümkündür. Misal kimi, bahalı "Abroheksal"ın əvəzinə ucuz "Ambroksel"ı, "Nurofen"in əvəzləyicisi kimi, "İbuprofen"ni və s. bu kimi əvəzləyicilərin adını çəkə bilərik. Adətən, əczaçılar da fürsətdən istifadə edib, müştəriyə bahalını təklif edirlər. Ən dəhşətlisi isə odur ki, hətta bir sıra hallarda əczaçılar həkimin yazdığı dərmanı digəri ilə əvəzləyir. Bu fonda təkliflər irəli sürülür ki, eynitərkibli dərmanların bahalısının idxalı inzibati yolla dayandırılsın.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, idxalda bu cür inzibati qadağalar düzgün olmazdı: "Çünki, əgər bahalı dərman doğurdan da yerindən baha qiymətə alınıbsa, onun inzibati yolla ucuz satılmasına şərait yaratmaq düzgün deyil. Əgər bu tətbiq edilərsə, kommersiya firması bir daha həmin dərmanları gətirməkdə maraqlı olmayacaq. Sadəcə olaraq, məhsulların yerində qiyməti dəqiq araşdırılmalıdır. Tarif Şurası həm də kommersantın gəlirini nəzərə almalıdır. Yəni, qiymətləndirmək sistemində iqtisadi əsas olmalıdır. Dərmanların alışı isə hər kəsin öz cibinə uyğun həyata keçirilir. Çünki, Hindistanda istehsal olunan dərmanla Almaniyada istehsal olunmuş dərmanların tərkibi eyni olsa da, keyfiyyət baxımından eyni ola bilməzlər. Ona görə, onların qiymətlərində də böyük fərq var. Düzdür, Türkiyə dərmanları Almaniyada istehsal olunmuş dərmanlardan xeyli ucuzdur. Amma biz Türkiyənin dərman istehsalına güvənməliyik. Orada kifayət qədər keyfiyyətli dərmanlar istehsal olunur. Ancaq 3-cü ölkələrdən gələn dərmanlarla bağlı məsələlər çox müzakirəlidir. Çünki, onlarda istehsal olunan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının reyesterində yoxdurlar. Yəni, dərman bazarı o qədər xaotik durumdadır ki, bununla bağlı xeyli iş görülməlidir. Burada tək qiymət məsələsi deyil. Qiymət qazanca hesablanıbsa, keyfiyyət, preparatların bazarda bir-birini təkrarlaması, eyni tərkibli ancaq fərqli adlı dərmanlar kimi məsələlər də qaydaya salınmalıdır".

Tibb və fəlsəfə elmləri doktoru, professor Şəmsiyyə Namazova bildirdi ki, daxildə dərman seçimi həkimdən asılıdır: "Eyni molekullu dərmanlar adətən, antibiotiklərə aid olur. Amma idxalda artıq bu məsələ yüksək səviyyədə nəzarətdədir. Dərmanların qiymətləri tənzimlənəcək. Əgər bu tənzimləmə olacaqsa, şirkətlər eynimolekullu dərmanların qiymətlərinin baha, ucuz olmasına diqqət etməyəcəklər. Bu zaman mexaniki olaraq qiymətlər tənzimlənəcək. Çünki, qiymətlərdəki fərqdə maddi maraqlar var. Burada həkim marağı da olur. Bir dərmanın yerinə əməkdaşlıq etdiyi fimranın dərmanını təyin edir. Bu hallar da istisna deyil. Amma baha dərmanların idxalının dayandırılması məsələsində qiymətlərin tənzimləməsi onu da tənzimləyəcək".