Avropa müsəlmanlara qarşı dini ayrı-seçkiliyə başladı

21 Avqust 2015 12:13 (UTC+04:00)

Günümüzün Avropasında antimiqrant hərəkatı faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində genişlənir

Müasir Avropada müşahidə olunan və çox böyük təəssüf doğuran hallardan biri də burada mənəvi dəyərlər sisteminin aşınması, böhrana məruz qalmasıdır. Bu, Avropada dini, irqi zəmində ayrı-seçkiliyin genişlənməsi fonunda da özünü qabarıq surətdə büruzə verir. Xüsusən də müsəlman miqrantlara qarşı atılan addımlar Avropanın mənəvi uçurum astanasında olduğunu üzə çıxarır.

Günümüzün Avropasında antimiqrant hərəkatı məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur. Siyasi şərhçilər Qərb dünyasında dini və irqçilik hisslərinin artmasını uzun müddət davam edən proseslərin nəticəsi olduğunu bəyan edirlər. O da aydın müşahidə olunur ki, bu, xüsusi ilə də son zamanlar islamafobiya formasında özünü göstərməkdədir. Ancaq istənilən halda təhdid doğuran məqam Qərbdə bu halların genişlənməsidir. Daha bir vacib nüans odur ki, çoxsaylı miqrant ordusunun yaranmasının əsas səbəbkarı elə Qərb dövlətləri özləridir.

Belə ki, son illərdə Avropa ölkələri Yaxın Şərq və Afrika ölkələrində hərbi əməliyyatlarının sayını artırıblar. Əfqanıstan, İraq və Liviyada aparılan imperialist müharibələr, Suriyada vətəndaş müharibəsinin başladılması, Yaxın Şərq və Afrikanın təbii sərvətlərinin müstəmləkəçi yağmalanmasında Avropa İttifaqı əsas tərəflərdən biri kimi çıxış edib. Məsələn, 1990-cı ildən bu günədək Aralıq dənizi üzərindən 30 minə yaxın qaçqın Avropaya sığınacaq arxasından gedərkən yaradılmış süni gəmi qəzaları ilə suda boğulub. Halbuki, həmin insanların öz vətənlərindən didərgin düşməsində məsuliyyəti də Qərb daşıyır. Qərbin Yaxın və Uzaq Şərqdə həyata keçirdiyi geosiyasi planlar, hədəfə aldığı ölkələr üçün qurduğu tələlər, ayırdıqları sərmayələrin girdiyi dövlətlərdə yaratdığı dəhşətli mənzərələr, Avropa və Amerikadan asılı vəziyyətə salmaq üçün etdiyi siyasi çevrilişlərin hansı nəticələri ortaya qoyduğu hər kəsə bəllidir.

Həmçinin, rəngli inqilablar vasitəsilə müxtəlif ölkələrdə xaotik durumlar yaradıblar. İraq, Liviya, Suriya və digərləri bunun ən real təsdiqidir. Əsasən, müsəlmanların yaşadığı bu ölkələrdə xaosdan qurtulmaq istəyənlər isə Avropaya üz tutrlar. Amma mənəvi böhran içində boğulan Avropa müsəlmanlara qarşı dini zəmində ayrı-seçkilik edir. Hər halda Slovakiyanın addımları bunu əyani surətdə nümayiş etdirir.

Slovakiya hakimiyyəti bildirir ki, Suriyadan yalnız xristian və ateist olan qaçqınlar qəbul ediləcək. Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Metik qərarı izah edərkən deyib: "Müsəlman qaçqınlar Slovakiyada "özlərini evdəki kimi" hiss etməyəcəklər". Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınları qəbul edərkən ayrı-seçkiliyə yol verməməyə səsləyib. Üzv ölkələrdə 40 min qaçqının yerləşdirilməsilə bağlı Avropa İttifaqının planlarına əsasən Slovakiya 200 adamı qəbul etməlidir. Onların əksəriyyəti Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdə qalır.

İvan Metik bildirir ki, Slovakiya hökumətinin qərarını onunla izah etməyə çalışıb ki, ölkədə yaşayan icmalar arasındakı ahəngdarlığı pozmamaq naminə bu addım atılıb: "Lakin qaçqınlar üçün biz yalnız tranzit ölkəsiyik. Onlar bizdə qalıb yaşamaq istəmirlər. Biz 800 müsəlman da qəbul edə bilərdik, lakin ölkədə bir dənə də olsun məscid yoxdu. Bəs müsəlmanlar necə inteqrasiya olunmalıdırlar, bura onların xoşuna gəlməyə də bilər". Əslində, bu fikirlər ucuz bəhanədən başqa bir şey deyil. Çünki miqrantı ilk növbədə həyatının təhlükəsizliyi maraqlandırır. Amma belə görünür, Avropa artıq miqrantların dini mənsubiyyətini də əsas götürür.

Xatırladaq ki, sərt miqrasiya siyasəti Avropada 2014-cü ilin fevral ayında İsveçrədə Avropa İttifaqından miqrant axınının məhdudlaşdırılması barədə keçirilən referendumda işçi qüvvəsinin tətbiqinə dair kvotanın tətbiqinə səs verilməsi ilə başlanıb. Hazırda Avropa dövlətləri daha çox miqrasiya siyasətlərini sərtləşdirmək yolunu tutub. Eyni zamanda miqrantlara qarşı faşizm əhval-ruhiyyəsi də güclənir. Məsələn, keçən ilin oktyabr ayından Almaniyanın Drezden şəhərindən PEGIDA yeni faşist təşkilatı peyda olub. Onlar sıralarını sürətlə genişləndirməkdədirlər. Bu gün onların davranışı sabah üçün ciddi təhlükələrin anonsu kimi dəyərləndirilə bilər. Onların hədəfində olanlar isə ilk növbədə əmək miqrantlarıdır. Xüsusi ilə Avropanın inkişaf etmiş ölkələrdində bu tendensiya özünü ciddi göstərir. Avropada əmək miqrantlarına qarşı yuxarıdan aşağıya münasibət, onların yerli əhalinin görmədikləri işlərə cəlb edilməsi prosesi geniş yayılıb. Elə ötən ay Almaniyanın Saksoniya vilayətinin Maysen şəhərində naməlum şəxslər müvəqqəti sığınacaq axtaranlar üçün tikilən yeni binaya od vurublar. Bildirilir ki, yeni tikilidə 32 miqrantın yerləşdirilməsi planlaşdırılırdı. Yanğının neonasistlər tərəfindən törədildiyi ehtimal edilir. Miqrantların hüquqlarını müdafiə sahəsində də fərqli vəziyyətdir. Əsasən də müsəlman miqrantlar burada ən müxtəlif aqressiyalara məruz qalırlar. Bu, həm də Avropada ayrı-seçkiliyin əyani göstəricisidir.

Əslində, bu ayrı-seçkilik Avropada çoxdan müşahidə edilir. Ən azından Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bunlar xalqımıza yaxşı məlumdur. Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsini Avropa özü də etiraf edir. Amma reallıqda bunun üçün heç bir addım atmır. Halbuki, hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır. Hər halda Ukrayna hadisələri də bunu göstərdi. İndi isə Avropa dini ayrı-seçkiliyə yol verir, Avropa İttifaqı xristian klubuna çevrilir. Bu isə Avropanın qürubunu qaçılmaz edir.