Azərbaycan taxıl istehsalını 30% artırıb

21 Avqust 2015 13:00 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi: Bu il ölkədə taxıl qıtlığı gözlənilmir

Azərbaycanda bu il biçiləcək 915 min hektar payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin təxminən 99,8%-ı artıq biçilib. Bunu Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

M.Hacıyev deyib ki, ölkə üzrə 2,8 mln. ton qarğıdalısız taxıl istehsal olunub: "Orta məhsuldarlıq ölkə üzrə 30,3 sentner təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 sentner və ya təxminən 36% artıqdır".

Bundan əlavə, buğda istehsalı 1,687 mln. ton təşkil edib. Orta məhsuldarlıq illik müqayisədə 34% və ya 8 sentner artaraq 31,3 sentnerə çatıb. Taxılın biçilməmiş 0,2% sahəsi qalıb ki, bu da əsasən dağlıq bölgələrin payına düşür.

"Kənd Təsərrüfatı Nazirliyi bu il ölkədə taxıl qıtlığı olacağını gözləmir", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, keçən illə müqayisədə Azərbaycanda ümumi taxıl istehsalı 30% artıb.