Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə 13-18 avqust 2015-ci il tarixlərində Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. Movqe.az-ın xəbərinə görə, 3755 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 10-13 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib. Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.
Bildiririk ki, iqlimdə baş verən
istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində
çox tez büruzə verir. Başqa sözlə, buzlaqlar qlobal iqlim
dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək
üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır.
Xatırladaq ki, Azərbaycan ərazisində buzlaqların öyrənilməsinə ötən
əsrin 30-cu illərindən başlanılıb. Bu illər ərzində təşkil olunan
ekspedisiyalar nəticəsində ölkəmizin Böyük Qafqaz regionunda
yerləşən buzlaqları tədqiq edilib. Lakin ötən əsrin 70-ci
illərindən sonra Azərbaycan ərazisində buzlaqların öyrənilməsi
tədricən dayandırılıb, köhnə ölçü işlərinin əksəriyyəti isə
saxlanılmayıb.
Respublikamızda buzlaqların öyrənilməsinin yeni dövrü 2009-cu ildən
başlayır. Belə ki, 27 dekabr 2008-ci il tarixində ölkə prezidenti
İlham Əliyevin "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ
ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə
bağlı tədbirlər haqqında" Sərəncamından sonra Tufandağ buzlağına
ekspedisiyalar təşkil olunmağa başlanıb.
Qeyd edək ki, tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin –
qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla
qidalanan çayların su ehtiyatlarına təsirinin
qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını
müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və
aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının
hesablanmasına imkan verəcək. Hazırda ərazidəki meteoroloji şərait
Şahdağ, Tufandağ və Şah düzündə quraşdırılan avtomat meteoroloji
stansiyaların köməyi ilə müşahidə olunur.