MSK sədri: Azərbaycanda demokratik seçkinin keçirilməsi üçün lazımi mühit mövcuddur

21 Avqust 2015 13:30 (UTC+04:00)

Demokratik seçkilərin keçiriləmsi üçün ilk növbədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Azərbaycan nəinki bölgənin, hətta dünyanın ən ictimai-siyasi baxımdan stabil ölkələrindən biridir.


Movqe.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.


MSK sədrinin sözlərinə görə, ikincisi, seçkilərin demokratik keçirilməsi üçün hüquqi baza, sənəd olmalıdır: "Avropa Şurası ilə birgə hazırlanan Azərbaycan Respublikasının Seçki Məcəlləsi isə belə bir əsas sənəd kimi xüsusi rol oynayır. Bu baxımdan demokratik seçkilərin hüquqi bazasının yaradılması üçün də ölkədə lazımi addımlar atılıb".


M.Pənahov əlavə edib ki, seçkilər şəffaf olmalı, vətəndaşlar onları müşahidə edə bilməlidirlər: "Azərbaycan beynəlxalq aləmdə demokratik prinsiplərə sadiq ölkə kimi seçkilərə maraq göstərən bütün beynəlxalq qurumlara həmişə şərait yaradıb. Bu dəfə də beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradılacaq. Şəffaflığın yaradılması Azərbaycanda nümunəvi addım atılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb. Onlar məntəqələrin 20 faizini əhatə edir. Bu, seçkilər başlayandan sonadək onlayn rejimdə dünyanın müxtəlif yerlərindən seçkiləri izləmək imkanı verir".


Onun sözlərinə görə, seçki məntəqələrində lazımi şəraitin yaradılması tapşırığı verilib. Hazırda 5 mindən artıq məntəqələrdən müasir tələblərə cavab verən şəraitdə fəaliyyət göstərirlər.