150-200 uşağa məktəbli forması pulsuz veriləcək-Özəl

21 Avqust 2015 14:40 (UTC+04:00)

"Bakı Tikiş Evi"(BTE) şəhid,əlil,Milli Qəhrəman, aztəminatlı ailələrdən məktəbə gedən uşaqlara məktəbli formasını pulsuz verəcək. Bu məlumatı Movqe.az-a BTE-nin Satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov bildirib ki, hər il olduğu kimi, bu il də 150-200 imtiyazlı ailə BTE tərəfindən məktəbli forması pulsuz veriləcək: "Şəhid,əlilvə aztəminatlı ailələr məktubla "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə müraciət edirlər. Biz onların müraciətinə əsasən həmin ailələrə məktəbli formalarını pulsuz veririk. BTE güzəştli şəhid,əlil, aztəminatlı ailələrin uşaqlarının təhsilə marağının azalmaması, bu ailələrdə böyüyən uşaqlara dəstək üçün hər il olduğu kimi bu il də bu xeyirxah missiyasını yerinə yetirir və yeni dərs ili başlayanadək bu koorparativ məsuliyyətini yerinə yetirəcək".

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova da Movqe.az-a xəbəri təsdiqləyərək bildirib ki, indiyədək İctimai Birliyə 100-ə yaxın belə müraciət daxil olub: "Bizim BTE ilə müqaviləmizə əsasən imtiyazlı ailələrin övladlarına məktəbli forması tikiş müəssisəsi tərəfindən pulsuz verilir. Bu güzəştli kateqoriyaya şəhid, Milli Qəhrəman, əlil və aztəminatlı ailələrinin uşaqları daxildir.  Amma çox təəssüf ki, bəzən bizə pulsuz məktəbli forması almaq üçün müraciət edənlərin arasında bu xeyirxah missiyadan sui-istifadə etmək istəyənlər də olur. Ona görə də,  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə pulsuz məktəbli forması almaq üçün edilən hər bir müraciət araşdırılır. Biz onlardan güzəştli kateqoriyaya aid olduğunu təsdiqləyən rəsmi sənəd tələb edirik. Əgər ailədə valideynlərdən birinin şəhid, əlil, Milli Qəhrəman statusu varsa və yaxud aztəminatlı ailə kimi rəsmi qeydiyyatdadırsa, biz həmin sənədləri ondan tələb edirik.  Həmin sənədlər "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə edilən müraciətlə birlikdə BTE-yə göndəririk. BTE tərəfindən bu kateqoriyadan olan ailələrin övladlarına məktəbli forması pulsuz olaraq verilir. Bu xeyirxah işin arxasında təhsilə, imtiyazlı ailələrin uşaqlarına dəstək missiyası dayanır. Sağ olsun BTE bizim təşəbbüsümüzə dəstək verərək artıq beş ildir ki, güzəştli ailələrə məktəbli formasının pulsuz verilməsini həyata keçirir. Hazırda müraciətlər davam edir".

 T. Şərifova onu da bildirib ki, artıq "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyi ilə "Bakı Tikiş Evi" bu cür müraciətləri operativ olaraq yerindəcə həll edir: "Bizə ünvanlanan məktbuba əlavə olaraq valideyn güzəştli ailə olduğunu təsdiq edən sənədlə birgə BTE-nin satış şöbəsinə yaxınlaşdıqda, sənədlər yoxlanılaraq həmin ailəyə pulsuz məktəbli forması verilir".

Birliyin icraçı direktoru pulsuz məktəbli forması almaq üçün saxta müraciət edənlərə də səslənib: "Bu xeyirxah bir işdir. Məqsəd imkansız ailələrin uşaqlarının təhsildən yayınmaması, onların valideynlərini məktəbli forması almaq qayğısından azad edərək həmin ailələrin uşaqlarının təhsilə cəlb olunmasına qismən də olsa dəstək göstərməkdir. Əgər kimsə həmin uşaqların haqqını mənimsəmək məqsədi ilə saxta yolla pulsuz məktəbli forması almaq istəyirsə, həmin insanların nəzərinə çatdırıram ki, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyi edilən hər bir müraciəti araşdırır, sənədləri yoxladıqdan sonra həmin məktubları BTE-yə göndərir. Odur ki, bu cür müraciət edənlər və bu fikirdə olanları şəhid,əlil,Milli Qəhrəman, aztəminatlı ailələrdən məktəbə gedən uşaqların haqqına girməməyə, imkan daxilində hər kəsin bu cür ailələrə dəstək göstərməyə səsləyirəm!".