Gənc yazardan maraqlı açıqlama

21 Avqust 2015 11:20 (UTC+04:00)

Ictimai Televiziyanın "Yeni gün" verlişində qonaq olan Yazıçılar Birliyinin üzvü, şair Tural Bayraməliyev maraqlı açıqlama verib. Movqe.az-ın məlumatına görə, gənc yazar mövzularını gerçək həyatdan götürdüyünü bildirib: "Gördüyümü qələmə alanda mənən yüngülləşirəm. Şeirlərimdə daha çox sevgini və vətənpərvərliyi tərənnüm edirəm. Amma kiçik əsərlərimin mövzusunu gerçək həyatdan götürürəm. Əhval-ruhiyyə adamıyam. Bəzən günlərlə heç nə yaza bilmirəm. Elə olur bir günə çox şey yazıram. 2002-ci ildən poeziyaya bağlıyam. Vahid Poeziya Evində keçirilən ədəbi gecələrə qatılırdım. Həşim Qəni bir çox gənclər arasından məni seçdi. Onun yetirməsi oldum. İlk şeirlərimi onunla məsləhətləşirdim. Çox şey öyrəndim müəllimimdən. Həmişə onu rəhmətlə anıram".


Qeyd edək ki, Tural Bayraməliyevin ilk kitabı "Nəğmələr" adlanır. Amma orda cəm olan şeirlərin hamısı nəğməyə dönməyib:


"Şeir var özü musiqini yaradır. Ona görə də, şeirlərimə musiqini özüm bəstələyirəm. Elə şeirlərimdə var, onlara toxunmuram. Şeir halında qalsalar, daha gözəldi. Şeiri necə yazmağın düsturu yoxdu məncə. Çox sual olur, amma onu ifadə etmək istəmirəm. Hərdən özüm özümə bu sualın cavabını verə bilmirəm. Necə yarandığını xatırlamıram. Tamam başqa dünyadı bu, sirr qalsa gözəldir. İstədiyim vaxt masanın arxasına keçib, şeir yazmıram".

Həm nəğmələrində, həm qələmində dəsti-xətti ilə seçilən T.Bayraməliyevin daha bir peşə sahibi olduğu üzə çıxdı. Bəlli oldu ki, vaxtilə o, peşəkar kik boksla məşğul olub və yığma komandada çalışıb. Bir çox turnirlərdə qızıl, bürünc medal qazanıb. Lakın ədəbiyyatda, musiqidə özünü tapan Tural Bayraməliyev idmanla müəyyən müddətdən sonra vidalaşmalı olub:


"Mənim üçün idmanın da öz zamanı var idi. 2005-ci ilə qədər bu idman növü ilə məşğul olmuşam. Amma ədəbiyyata bağlılığım məni idmandan qopardı. Amma ölkəmizdə keçirirlən idman oyunlarını xanımımla birlikdə böyük maraqla izlədim. Bu oyunlarının keçirilməsin üçün böyük əmək sərf olundu. Vətənimizin adı uğruna keçirirlən hər tədbiri vətəndaş olaraq dəstəkləyirəm və əlimdən gələni etməyə hazıram".