Səudiyyə Ərəbistanında qadınların səs verməsinə icazə verilib

22 Avqust 2015 23:30 (UTC+04:00)

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınlara bələdiyyə seçkilərində səs verməyə və namizədliklərini irəli sürməyə icazə verilib. Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu il dekabrın 12-də krallıqda bələdiyyə seçkiləri keçiriləcək. Ölkədəki 1263 seçki məntəqəsindən 163-də qadınların da adları namizədlər siyahısına daxil ediləcək. 70 qadın bələdiyyə seçkilərində namizəd kimi iştirak etmək niyyətindədir. Zərif cinsin 80-ə yaxın nümayəndəsi isə seçkiqabağı kampaniyanın təşkilatçısı kimi qeydiyyata alınmaq istəyir. Seçicilərin qeydiyyatı avqustun 22-də başlayır və sentyabrın 14-dək davam edəcək. Avqustun 30-dan sentyabrın 17-dək namizədlərin qeydiyyat müddətidir. Noyabrın 29-da namizədlərin yekun siyahısı elan olunacaq. Qeyd edək ki, krallıqda bələdiyyə seçkiləri 2005-ci ildən keçirilir. 2005-2011-ci illərdə keçirilən bu kampaniyada qadınlar nə seçici, nə də namizəd kimi iştirak etməyib. Hələ 2011-ci il sentyabrın 25-də Səudiyyə Ərəbistanının mərhum kralı Abdulah bin Əbdüləziz qadınların bələdiyyə seçkilərində seçici və namizəd olaraq iştirak etməsi haqda fərman vermişdi. Ancaq bu sənədi indiki kralı Salman ibn Əbdüləziz imzalayıb.