Bakı Metropolitenindən yeni gediş kartı terminalları və turniketlərlə bağlı açıqlama

24 Avqust 2015 13:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Bakıda metronun xidmətindən istifadə edən sərnişinlərdən bəziləri Trend-ə müraciət edərək yeni gediş kartlarına keçiddən sonra Bakı Metropoliteni ərazisində quraşdırılmış yeni terminalların bəzilərində plastik kartların əldə edilməsi və gediş haqqının yüklənməsi mümkün olmur. Monitorunda "işlək olmayan" yazılan bu terminallarda heç bir əməliyyat yerinə yetirmək olmur.


Bununla bağlı Trend-in sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metronun vestibüllərində quraşdırılmış yeni terminalların işlək vəziyyətə gətirilməsi mərhələli şəkildə həyata keçirilir: "Hələlik əməliyyatların həyata keçirilməsi üçün 1-2 terminal kifayət edir. Çünki hələlik gediş üçün yeni kartlarla yanaşı eyni vaxtda köhnə kartlardan, "MetroKart"dan da istifadə olunur. Ona görə də bu baxımdan heç bir problem yaşanmır. Oktyabrın 1-dən etibarən isə bütün yeni "BakıKart" terminalları tam işlək vəziyyətdə olacaq. Çünki Bakı Metropolitenində "MetroKart" və "BakıKart"ın birgə istifadəsi yalnız sentyabrın 30-dək mümkün olacaq. Oktyabrın 1-dən etibarən isə "MetroKart"ın istifadəsi dayandırılacaq".


N.Paşayev əlavə edib ki, "MetroKart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir. "MetroKart"ın girov dəyərini və balansda olan məbləği "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsi ilə "BakıKart"ı alıb istifadədə olan "MetroKart" ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidirlər.


Metropolitenin sözçüsü onu da qeyd edib ki, yeni gediş kartlarına keçidlə bağlı turniketlər də getdikcə əvəzlənəcək: "Bunun üçün lazım olan bütün avadanlıqlar artıq gətirilib və mərhələli şəkildə stansiyaların girişlərində quraşdırılır. Oktyabrın 1-dən etibarən isə metronun bütün stansiyalarında sərnişinlər yalnız yeni turniketlərdən keçərək stansiyaya daxil olacaqlar".


Qeyd edək ki, 2015-ci avqustun 8-dən etibarən "Bakı Metropoliteni" QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Həmin tarixdən etibarən həm metroda, həm də "BakuBus" avtobuslarında bu kartlardan istifadə etmək mümkündür.


"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.


"BakıKart"ın (Plastik kart) satış qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Terminallarda "Bakıkart"ın balansının artırılması mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.


"BakıKart Məhdud istifadə üçün" kartının satış qiyməti isə 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür və 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edənlər üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.


Sərnişinlər "MetroKart" və "BakıKart"ları ilə yaranmış hər-hansı bir problemlə bağlı "20 Yanvar", "Cəfər Cabbarlı", "Nəriman Nərimanov", "Neftçilər" stansiyalarında fəaliyyətdə olan "Kart-Analiz" mərkəzlərlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.