Məcburi köçkünlər üçün iki yeni qəsəbə salınır

24 Avqust 2015 15:40 (UTC+04:00)

Qazaxda və Sabirabadda məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata görə, ölkə başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş "Əlavələr" in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilir. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaqdır.

Sabirabad rayonunda da fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbədə salınır. Ölkə başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş "Əlavələr"in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.