İntiharı kütləviləşdirənlərin şantaj oyunları

24 Avqust 2015 17:26 (UTC+04:00)

Körpüyə, evin damına, eyvana çıxaraq nümayişkaranə şəkildə özünü öldürəcəyi ilə ətrafdakıların diqqətini cəlb edənlərə son vaxtlar tez-tez rast gəlinir. Kimisi əlinə bir qab benzin alıb özünə od vuracağını deyir, kimisi də yüksəkliyə çıxıb ordan özünü aşağı atacağını söyləyərək ətrafın diqqətini özünə cəmləşdirir. İntihar fikrinə düşənlərin canına qıymaması üçün təbii ki, ətrafdakılar bütün mümkün üsullardan istifadə edərək onları bu fikirdən daşındırmağa çalışırlar. Baş verən bu cür hadisələrin sonucu onu deməyə əsas verir ki, bu cür intihar üsuluna əl atanların çoxu sonda canına qıymaq fikirindən daşınır. Bəs görəsən intiharların ictimailəşdirilməsi nə ilə bağlıdır?

Psixoloq Elnur Rüstəmov Movqe.az-a açıqlamasında bunun bir neçə səbəbinin olduğunu söyləyib. Psixoloq deyir ki, istənilən halda insan körpüyə, evin damına, eyvanına çıxaraq, eləcə də əlinə benzin alaraq özünü öldürəcəyini nümayişkaranə şəkildə bəyan edirsə, bu həmin insanda psixoloji olaraq narahatçılığın olduğunun göstəricisidir: " Əsəbləri normal vəziyyətdə  olan insan heç bir halda belə bir üsula əl atmır. Bütün hallarda psoxoloji olaraq gərgin olan insanlar həyatlarına son qoymaq barədə düşünür, problemdən çıxış yolunu canına qıymaqda görürlər.  Amma elə insanlar da var ki, bunu hər kəsə bəyan edir, bu fikrə düşdüyünü ətrafa hansısa formada çatdırmaq istəyir. Bunu isterik xarakter tipi olan insanlar edir. Onlar bununla ətrafdakıların fikirini özünə cəlb etmək istəyir. Bu cür intihar üsulu seçənlərin çoxu sonda canına qıymır. Onlar yüksəyə çıxaraq özünü öldürəcəyini desə də, elə əvvəldən özlərini öldürmək fikrində olmurlar. Sadəcə olaraq ətrafı öz problemlərindən xəbərdar etmək istəyirlər. Buna əsasən uzun müddət depresiyada olan insanlar əl atır".

Psixoloq deyir ki, belə insanlara dəstək olmaq, onların dərdlərinə şərik olmaq lazımdır: "Bu cür üsulla intihara əl atanların intihar etmə səbəbləri araşdırılmalıdır. Və problemdən çıxış yolu inkanları aranmalıdır".

E. Rüstəmov deyir ki, bu cür intiharların sayının artmasının  bir səbəbi həmin hadisələrin mətbuatda işıqlandırırılmasıdır: "Gərək mətbuat bu məsələyə həssas yanaşa. Əgər bu gün intihara cəhd edən insanın eyvana çıxaraq özünü atmaq istədiyini əks etdirən fotosu və videosu işıqlandırılırsa, əlbəttə buna bənzər hallar günü-gündən artacaq. Təcrübə göstərir ki, bu cür hadisələrə səbəb ailə-məişət zəmnində mübahisələr, sosial problemlər olur.

Psixoloq Murad İsayev isə deyir ki, bu cür intihara əl atanların özünəqəsd edəcəyini nümayişkaranə şəkildə bəyan etməsinin  arsaxında əslində canına qıymaq fikri dayanmır: "İki cür intihar forması var. Bunlardan biri intihar, digəri isə intihar şantajı adlandırılır. Sizin dediyiniz intihar şantajıdır ki, əslində buna cəhd edənlərin məqsədi heç də özünü öldürmək olmur. Belə insanlar özünü təsdiq edə bilməyən insanlardır. Onlar özlərini hər hansı formada təsdiq edə bilmədiklərindən, ölüməcəhdlə diqqəti özlərinə yönəltmək istəyirlər. Amma məqsədləri heç də canlarına qıymaq deyil".

Psixoloq deyir ki, şantajla intihara cəhd edən insanların ətrafına toplaşıb onu fikrindən daşındırmaq əslində lazımsız addımdır: "Həmin insanların özünəqəsd etmək fikri olmadığından onsuz da canına qıymayacaqlar. Əgər belə fikirləri olsaydı müvafiq qurumlar gələnədək özlərini həmin yüksəklikdən atardılar. Məsqəd özünəqəsd yox, diqqət cəlb etməkdir".