Mahir Qurbanov:” Qeyri-olimpiya idman növləri içərisində kikboksinq idman növü öz populyarlığı ilə seçilir”

25 Avqust 2015 10:05 (UTC+04:00)

Artıq avqust ayının 22-dən başlayan 30-dək davam edəcək İspaniyanın San-Sebastian şəhərində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçirilməsi haqqında mətbuatda məlumatlar gedib.

Bu idman yarışının əsas təşkilatçısı İspaniya – Azərbaycan Ticarət Assosiasiyasıdır (A.C.A.E). Bu mötəbər tədbirlə əlaqədar İspaniya – Azərbaycan Ticarət Assosiasiyasının vitse – prezidenti Mahir Qurbanov müsahibimizdir.


-Mahir müəllim, San-Sebastian şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı haqqında bizə bir qədər məlumat verin.


-Bu mötəbər tədbirdə Avropa ölkələrindən çoxsaylı idmançılar öz güclərini sınayacaqlar. Qeyd edim ki, qeyri-olimpiya idman növləri içərisində kikboksinq idman növü öz populyarlığı ilə seçilir. Belə ki, Avropa ölkələri bu yarışa çox ciddi hazırlaşırlar. Bununla yanaşı, Azərbaycan idmançıları da milli komanda olaraq bütün güclərini qalib gəlmək üçün sərf edəcəklər. Bu işdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin böyük zəhmətini qeyd etmək lazımdır. Biz inanırıq ki, idmançılarımız bu yarışdan böyük uğurla qayıdacaqlar.


-Bildiyimizə görə vitse-prezidenti olduğunuz İspaniya – Azərbaycan Ticarət Assosiasiyası bu çempionatın əsas təşkilatçısıdır. Bu barədə nə deyə bilərsiniz?


-Bəli, İspaniya – Azərbaycan Ticarət Assosiasiyası olaraq belə bir yarışın baş təşkilatçısı olmaq bizim üçün nə qədər məsuliyyətlidirsə, bir o qədər də qürurvericidir. Belə ki, qurumun apardığı işlər nəyin ki, iki dövlət arasında mövcud olan iqtisadi, ticari,mədəniyyət əlaqələrinin gücləndirilməsinə və genişləndirilməsinə təkan verməkdir, eyni zamanda bu idman yarışına dəstək olmaqla ilk Avropa Oyunlarından sonra Azərbaycanın dünyada formalaşan idman ölkəsi imicinin möhkəmlənməsinə öz töhfəmizi verməkdən ibarətdir. Həmçinin, məqsədlərimizdən biri də bu çempionatda iştirak edəcək milli komandamıza bir təşkilatçı olaraq maksimum dərəcədə dəstək verməkdən ibarətdir.