Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib

25 Avqust 2015 16:00 (UTC+04:00)

Tədbirə müxtəlif şirkətlərin əməkdaşları qatılıb və abituriyentlərə hədiyyələr verilib

Bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. Movqe.az xəbər verir ki, görüşdə deputatlar Fuad Muradov, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağıyev, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, ictimaiyyət nümayəndələri, abituriyentlərin valideynləri və başqaları iştirak ediblər.

PJB sədri Elşad Eyvazlı bildirib ki, 700 bal toplayan abituriyenlətlərlə görüş artıq ənənəvi hal alıb: "Görüşü təşkil etməkdə əsas məqsəd bilik qəhrəmanlarını ölkə miqyasında tanıtmaq, eyni zamanda həmin 15 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək göstərməkdir".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov gələcək tələbələrə uğurlar arzulayaraq bildirib ki, 700 bal gözəl nəticədir: "Ümid edirik ki, bu nəticə sizi hədəflərinizə doğru aparacaq".

Deputatlar da ən yüksək bal yığan abituriyentlərə uğurlar arzulayıb. Onlardan gələcəkdə daha böyük uğurlar gözlədiklərini bildiriblər.

Eyni zamanda tədbirə müxtəlif şirkətlərin əməkdaşları qatılıb və abituriyentlərə hədiyyələr verilib.

Qeyd edək ki, bu il qəbul imtahanalarında 15 nəfər 700 bal toplayıb. Onlardan 7-si I qrup, 3-ü II qrup, 3-ü III qrup, 2-si isə IV qrup üzrə rekord nəticə göstərib.