Valyuta dəllallarının möhtəkirlikləri açıqlandı

26 Avqust 2015 08:00 (UTC+04:00)

Son günlər nəinki iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə hətta neft ölkəsi olmayan bir sıra inkişaf etmiş ölkələrdə belə milli valyutalar ABŞ dollarına nisbətən öz dəyərini itirməyə başlayıb. Azərbaycan iqtisadiyyatı dünya iqtisadi sisteminin bir parçası olduğunu, eyni zamanda Azərbaycan iqtisadiyyatında neft faktorunun müəyyən rol oynadığını nəzərə alsaq, milli valyutamızın bu proseslərdə kursunun necə olacağı günün aktual məsələsinə çevrilib.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov daha maraqlı faktlara toxundu: "Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması prosesi keçən ilin ortalarından başlayıb. Bu prosesin nə qədər və hara qədər davam edəcəyini prosesi idarə edən güc sahiblərindən başqa heç kəs bilə bilməz. Amma neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivləri onun iqtisadi motivlərindən daha çoxdur. Odur ki, burada proqnoz vermək bir qədər çətindir. Biz bu prosesi mümkün qədər ağrısız keçməyə hazır olmalıyıq. Əslində, Azərbaycan hökuməti 10 ildən artıq bir müddətdə öz iqtisadiyyatını və maliyyə sistemini nə vaxtsa baş verməli olacaq bu prosesə hazırlamaqla məşğul olub. Qeyri-neft sektorunda son 10 ildən bir qədər artıq vaxt ərzində əldə olunan sıçrayışlı inkişaf, (5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin 50%-dən 70-%-ə qədər artması) dediklərimizə əyani sübutdur. Bəli, neftin qiymətlərinin kəskin aşağı düşməsi Azərbaycan hökumətinin neftdən gözlənilən gəlirlərinin bir hissəsinin itirilməsi ilə nəticələnəcək. Ancaq bundan faciə düzəltmək lazım deyil. Büdcədə müdafiə olunan xərclər istisna olunmaqla, həmişə 2-ci, 3-cü dərəcəli xərclər mövcuddur ki, zəruri hallarda onları azaltmaq, lazım gəldikdə isə tam dayandırmaq belə mümkündür.

Bu ilin fevral ayında qəflətən baş verən və heç kimin gözləmədiyi kəskin devalvasiya bilavasitə təxribat nəticəsində baş verdi. Fevral ayının ortalarında bütün səviyyələrdən deyilsə də ki, bizdə kəskin devalvasiyaya getməyə heç bir əsas yoxdur, sonda bir sıra təxribatçılar əsasən mətbuat vasitəsilə əhali arasında ajiotaj yaratmağa müvəffəq oldular. Burada indiyə qədər heç kimin açıqlamadığı bir fikri açıqlamaq yerinə düşər. Bu proseslərdə ölkədə, xüsusilə də Bakıda və Abşeron yarımadasında qeyri-qanuni fəaliyyət göstərən yüzlərlə valyutadəyişdirmə məntəqələrinin və ya bu işlə məşğul olan fiziki şəxslərin "xidmətləri" kifayət qədər oldu. Təəssüf ki, onların bir çoxu bu gün də fəaliyyət göstərirlər. Hesab edirik ki, bu qaydada qanunsuz fəaliyyətlə məşğul olub, ölkənin milli valyutasının məzənnəsinə və bütövlükdə ölkənin maliyyə sisteminə ciddi zərbə vuranlar barəsində qanunun bütün aliliyi ilə tədbirlər görülməlidir. Düşünürük ki, müvafiq hüquqi aktlarda dəyişiklik etmək yolu ilə bu cür möhtəkirlərə qarşı mübarizəni daha da sərtləşdirməyin artıq vaxtı çatıb".

Professor əlavə etdi ki, ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatından təcrid deyil: "Bu səbəbdən biz də dünyada baş verən proseslərdən yan keçə bilmərik. Söhbət ondan gedir ki, əgər neftin qiymətləri davamlı şəkildə aşağı düşəcəksə, onda bizdə də manatın tədricən yumşaq devalvasiyası baş verə bilər. Ancaq nəzərə alınmalıdır ki, bizdə hökumət əmək haqlarını, təqaüdləri, sosial yardımların həcmini mütəmadi olaraq artırır. Bunun özü bir növ baş verə biləcək yumşaq devalvasiya nəticəsində əhalinin itkilərinin kompensasiyası deməkdir".