Cəbhə insidentləri də ATƏT-in sükutunu pozmur

26 Avqust 2015 10:00 (UTC+04:00)

Ötən həftənin son günləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən pik həddə çatdı. İşğalçı ordu bölmələri təxribatçı-diversiya hərəkətləri etməyə cəhd etdi. Lakin onların bu cəhdinin qarşısı da Azərbayacn Ordusu tərəfindən qətiyyətlə alınıb. Bu zaman düşmənin 5 hərbi qulluqçusu məhv edilib və 8 nəfər isə yaralanıb.

Düşmənin isə atəşkəsi daha təhlükəli həddə pozmasına ATƏT və digər qurumlar hələ də lazımı reaksiya vermir. Politoloq Elman Nəsirovun fikrincə, ATƏT-in real olaraq fəaliyyətsizliyinin nəticəsidir ki, düşmən atəşkəsi indi daha təhlükəli həddə qədər pozur: "ATƏT 1992-ci ilin martın 24-dən Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı vasitəçilik missiyasını üzərinə götürüb. Amma qurumun fəaliyyətsizliyi üzündən bu günə qədər problemin həllində real nəticə yoxdur. ATƏT və digər qurumlar ermənilərin ərköyün uşaq kimi davranışına göz yumur. Ermənistanın atəşkəs rejimini kəskin və total şəkildə pozması heç də təsadüfi deyil. Mühüm siyasi qərarlar, hadisələr ərəfəsində atəşkəsin bu şəkildə pozulmasının dəfələrlə şahidi olmuşuq. Ermənistan tərəfi münaqişənin həllilə bağlı beynəlxalq birlik hər hansı ciddi addıma imza atmaq istəyərkən, danışıqlar prosesində irəliyə doğru nəsə bir gözlənti olarkən, dərhal atəşkəs rejimini kəskin şəkildə pozmağa başlayır. Bu zaman hərbi insidentə, müxtəlif təxribatlara əl atırlar. Belədə çalışırlar ki, uzun müddət üçün danışıqlar prosesində pauza yaransın və ancaq atəşkəsin pozulması məsələsi gündəmdə qalsın. Bugünkü reallıqda Ermənistan tərəfinin atəşkəsi intensiv şəkildə pozmasını sentyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının növbəti sessiyasında baş tutacaq görüşü ilə əlaqələndirirəm. ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusən də amerikalı həmsədr Ceyms Uorlik dəfələrlə qeyd edib ki, ilkin razılaşma var və istisna deyil ki, sentyabrda BMT Baş Məclisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsun. Bu fonda hesab edirəm ki, indidən Ermənistan tərəfi əl-ayağa düşüb. Onlar yenə də öz köhnə ampulasındadır və atəşkəsi rejimini intensiv şəkildə pozmaqla sentyabr danışıqlarının da nəticəsiz olmasına ünvanlanan addımlar atırlar. Elə bir şərait formalaşdırmağa çalışırlar ki, ümumiyyətlə, danışıqlar baş tutmasın, baş tutsa da bütün digər məsələlər kölgədə qalsın, əsas məsələ atəşkəsin qorunub saxlanılması istiqamətində olsun. Onların yeritdikləri xətt bundan ibarədir".

Politoloq Fikrət Sadıxov vurğuladı ki, ermənilərin atəşkəsi artıq iri çaplı silahlardan istifadə etməklə pozması halları ATƏT-in onların bu əməllərinə ümumən, göz yummasından qaynaqlanır: "Əslində, atəşkəs rejimi olmasına baxmayaraq, qarşıdurma neçə illərdir ki, davam edir. Bu fonda erməni tərəfi çoxsaylı itkilərə məruz qalır. Amma burada söhbət ondan getmir. Söhbət ondan gedir ki, bir sıra aparıcı dövlətlər Ermənistanın nazı ilə oynayır. Onlar Azərbaycanı və Ermənistanı hansısa kompromislərə çağırır, çalışırlar ki, tərəfləri masa arxasına əyləşdirsinlər. Bu halda da Ermənistan azğınlaşır. Ermənistan qoşunları elə zənn edir ki, arxalarında kimsə dayanıb. Atəşkəsin pozulması fonunda da itkilərə məruz qalanlar ancaq erməni tərəfidir. Atəşkəsin pozulması ilə faktiki olaraq ermənilərin özləri uğursuz vəziyyətə düşürlər. Bu bir həqiqətdir. Belə vəziyyət ATƏT kimi qurumların, böyük dövlətlərin ermənilərin nazı ilə oynamalarına qədər davam edəcək. Amma hər bir halda ermənilər iri çaplı silahlardan istifadə etsələr də, adekvat cavablarını alacaq və belədə çox saylı itkilər verməkdə davam edəcəklər. Bu həqiqəti inkar etmək mümkün deyil".