Bakı-Tiflis-Ərzurum PKK-nın əsas hədəflərindən birinə çevrilir

26 Avqust 2015 10:45 (UTC+04:00)

Məlumat verildyi kimi PKK terrorçuları Bakı-Tiflis-Ərzurum qaz borusunun Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib. Onun sözlərinə görə, qaz borusunda təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb. Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tiflis-Ərzurum qaz borusunda partlayış törədilmişdi.


Baş vernələr fonunda Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin təhlükəsizliyi məsələsi getdikcə aktuallaşır. Görəsən, bu problemin həlli istiqamətində hansı addımlar atılmalıdır?

Neft məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, qaz kəmərinin təhlükəsizlik probleminin həll üçün qaydalara uyğun olarar müvafiq addımlar atılmalıdır: "Kəmərlərin təhlükəsizliyi məsələsi hökumətlərarası sazişlə tənzimlənir. Bu istiqamətdə imzalanan hökumətlərarası sazişə görə boru kəmərlərinin təhlükəsizliyi hər bir ölkənin, Azərbaycan, Gürcüstan və Türkiyənin coğrafi ərazində həyata keçirilir. Heç bir ölkə də digər ölkənin ərazisindəki təhlükəsizlik məsələsinə qarışmır. Məsələ ondadır ki, hər bir ölkə öz ərazisində olan boru kəmərlərinin təhlükəsizliyinə cavabdeh olduğu kimi, terror aktı və ondan irəli gələn dayanmalara, bu üzdən şirkətlərin ixracatında yaranan problemlərə görə də cərimələr ödəyir. Hazırkı məsələ ilə bağlı olaraq dayanmalara görə Türkiyə tərəfi cərimələr ödəyəcək. Yəni, partladılan boru kəmərinə görə ödəniləcək cərimələr bir dövlət olaraq Türkiyə tərəfini xərc hissəsinə aid edilir. Baş vermiş olaydan sonra boru kəmərinin yenidən işlək vəziyyətinə gətirilməsi üçün bütün xərclər Türkiyə şirkəti olan "Botaş"ın boynuna yazılır. Çünki, hazırkı situasiyada məsuliyyət Türkiyə tərəfinin üzərindədir. Anoloji hadisə Gürcüstan ərazisində baş versəydi, kəmərin yenidən işlək vəziyyətinə gətirilməsi üzrə bütün xərclər Tiflisin üzərinə düşəcəkdi.

Bu kimi məsələlər hər hansı bir şəkildə digər, bir tərəfdən inzibati, şirkətlərin konsorsiumu, hökumət danışıqları ya təkidi ilə ərsəyə gətirilmir. Kəmərlərin terror aktları kimi kənar müdaxilələr, texniki baxımdan, təbii fəlakətlər nəticəsində sıradan çıxması üzrə qaydalar və buna uyğun olaraq da məsuliyyətlər vardır. Təbii ki, bu aspektdə boru kəmrlərinin sığortalanması məsələsi də var. Türkiyə ərazisində təhlükəsizlik məsələsi digər iki ölkə ilə müqayisədə ən aşağı səviyyədədir. Bu günlərdə Bakı-Tiflis-Ərzurum qaz boru kəmərində baş verən partlayış hadisəsi 2006-cı ildə istifadəyə verilən həmin obyektdə qeydə alınan 3-cü, son 3 həftə ərzində isə 2-ci belə olaydır. 2012-ci ilin mayın 29-da da kəmərdə belə hadisə baş vermişdi. Lakin iyunun 6-da o yenidən işə düşmüşdü. Son 3 həftədə baş verən iki hadisə isə ancaq boş qaz kəmərində olub. Ona görə də son iki halda qaz itkisindən söhbət getmir. Çünki birinci dəfə partladılandan 8 saat əvvəl qazın verilişi dayandırılmışdı. Son hadisə zamanı isə cəmi bir sutka öncə hasilata start verilmişdi və qaz həmin partladılan əraziyə gedib çatmamışdı. Ona görə son partlayışları daha iri partlayışların ola biləcəyinə bir siqnal kimi qəbul etmək lazımdır. Ancaq məsələ ondadır ki, bu 3 hadisə eyni yerdə, Türkiyə ərazisində baş verib. Ona görə də Türkiyə bundan nəticə çıxararaq, kəmərlərin təhlükəsizliyi istiqamətində ciddi işlər görməlidir".

İqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, kəmərin təhlükəsizliyinin təmini üçün mühafizə qüvvələrinin ştat sayı artırılmalıdır: "Qeyd edim ki, boru kəmərinin Türkiyə hissəsindən keçən ərazi bu ölkənin güney doğusuna aiddir. Burada isə kürd qruplaşmaları ilə Türliyə Silahlı Qüvvələri arasında ciddi münaqişələr mövcuddur. Ona görə də belə bir ərazidə bu kimi təhlükələrin olması labüddür. Bunu təbii ki, kəmərin çəkilişi zamanı da tərəflər göz önünə gətiriblər.

Düşünürəm ki, baş verən bu olaydan sonra Türkiyə hökuməti kəmərin təhlükəsizliyi istiqamətində səylərini daha da artıracaq. Belə partlayışlar bildiyiniz kimi əlavə xərclərə yol açır, müəyyən texniki problemlər yaradır. Digər tərəfdən, kəmərin təhlükəsizliyi məsələsi iqtisadi məsələ deyil, daha çox müdafiə məsələsilə bağlıdır. Kəmər ətrafında belə partlayışların baş verməsinin qarşısını almaq üçün Türkiyə hökuməti, eləcə də kəmərin keçdiyi ərazilərdəki digər dövlətlər daxili təhlükəsizlik qurumları, polis, təhlükəsilik orqanları, istiqbarat təşkilatlarını daha ayıq-sayıq olmağa dəvət etməlidir. Bu istiqamətdə mühafizə məsələlərinə baxan qüvvələrin ştatlarının sayı da artırıla bilər. Bəzi ərazilərdə kəmər kameraların nəzarəti altındadır. Müəyyən ərazilərdə isə bunu etmək mümkün deyil. Elə etmək olar ki, kəmər ərazisi, burada baş verənlər 24 saat ərzində kameralar vasitəsilə izlənilə bilsin. Bu kimi əlavə addımlarla təhlükəsizliyi təmin etmək olar. Həmçinin, Türkiyə Silahlı Qüvvələri çalışmalıdır ki, PKK ilə qarşılıqlı toqquşmaları kəmərdən kənar ərazilərə keçirsinlər".