Çin Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

25 Avqust 2015 18:40 (UTC+04:00)

Bu, ilin əvvəlindən artıq 5-ci analoji qərardır

Çin Mərkəzi Bankı (ÇMB) iqtisadiyyata dəstək olmaq və maliyyələşməni stimullaşdırmaq məqsədilə uçot faiz dərəcəsi və məcburi ehtiyat normasını endirib.

Movqe.az xəbər verir ki, ÇMB əsas kredit dərəcəsini 25 bənd - 4,6%-dək, məcburi ehtiyat normasını 50 bənd - 18%-dək azaldıb. Bununla yanaşı, birillik depozitin gəlirliyi 25 bənd azaldılaraq 1,75% səviyyəsində məhdudlaşdırılıb. Bununla da Mərkəzi Bank son bir ildə uçot dərəcəsini artıq 5-ci dəfə azaldır.

Qeyd edək ki, yeni uçot və depozit dərəcələri sabah, avqustun 26-dan, kreditləşmə üzrə ehtiyat norması isə sentyabrın 6-dan qüvvəyə minir.

Xatırladaq ki, Şanxay Fond Birjasında ötən gün 2007-ci ildən sonra ilk dəfə olaraq 8,6%-lik azalmadan sonra, indeks bu gün daha 7,63% geriləyib.