Kənd təsərrüfatı nazirinin müavini AŞPA məruzəçisi ilə görüşüb

25 Avqust 2015 20:00 (UTC+04:00)

İlham Quliyev: "500 minə yaxın insan ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" üzrə məruzəçisi xanım Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən Movqe.az-a daxil olan məlumata görə, İ.Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının yüksək templə inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur.

"Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız-qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün subasma təhlükəsi yaradır, onların əhalisini daim qorxu və təşviş içində saxlayırlar. Tərtər çayına suyun buraxılmaması səbəbindən əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Sərsəng su anbarının əhatə dairəsində olan rayonların ərazisində 586 ədəd əlavə artezian quyuları qazılıb. Bu isə əlavə büdcə xərcləri hesabına başa gəlir. İşğal zonasında çoxsaylı meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi yarımçıq qalıb və bu keçən müddət ərzində onlar dağılaraq sıradan çıxıb. Su anbarının subasma zonasında yerləşən Tərtər, Bərdə sakinlərində, eləcə də Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağdaş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə yaxın insan ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır", - İ.Quliyev deyib.

Nazir müavini Samur transsərhəd çayının su ehtiyatlarının istifadəsini "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə uyğun həyata keçirildiyini, Araz çayının su ehtiyatlarının bölüşdürülməsinin isə "Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə İran İslam Respublikası və Azərbaycan Respublikasının daimi fəaliyyət birgə komissiya" tərəfindən tənzimləndiyini qonaqların diqqətinə çatdırıb.

Milisa Markoviç isə öz növbəsində artıq ikinci dəfədir Azərbaycana səfər etdiyini diqqətə çatdırıb, həmçinin Azərbaycanın sərhədyanı bölgələrinə səfər etdiyini, xüsusilə Ermənistanla sərhəd olan rayonlarda sakinlərin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib. O, toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.