Gənclərdən “İdman İli”nə ictimai dəstək
3 Oktyabr 2012 17:09 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ölkəmizdə "İdman
İli"nə ictimai dəstək vermək məqsədilə Gənclər üçün Təhsil Mərkəzi
bu gün özünün İdman Klubunu yaratdı və fəaliyyətinə start
verdi.
Klubun yaradılmasında əsas məqsəd Bakı və regionlarda gənclərin
müxtəlif idman növlərinə həvəsləndirilməsi, idman təhsilinin
inkişaf etdirilməsi və gənclər tərəfindən idmana ictimai dəstək
verməkdir.
Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov mətbuata açıqlamasında
bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin 2012-ci ili
"İdman İli" elan etməsi idmançılar, idman ictimaiyyəti və
idmansevərlər üçün gözəl bir hədiyyədir. Ölkəmizdə idmana xüsusi
diqqət göstərilir. Bu il çərçivəsində ölkəmizdə idmanın daha da
inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülmüş, müxtəlif
beynəlxalq yarış və tədbirlər keçirilmişdir. Belə bir prosesdə biz
gənclər passiv olmamalı, ölkə rəhbərliyinin bu mesajına uyğun
hərəkət etməli, bütün gənclərimizi idmana həvəsləndirməliyik. Bu
baxımdan biz idmanın inkişafına ictimai dəstək vermək və region
gəncləri arasında idmana marağın daha da artırılması üçün müxtəlif
tədbirlər həyata keçirməyi nəzərdə tuturuq.
Qeyd edək ki, Klub öz fəaliyyəti çərçivəsində müxtəlif idman
aksiyaları, məlumatlandırma kampaniyaları, idman yarışları,
beynəlxalq təcrübə və səfər proqramları, təqdimatlar və digər
tədbirlər təşkil edəcək.