Fermerlərə yeni dəstək ərzaq təhlükəsizliyinin təminatına da böyük töhfə verəcək

27 Avqust 2015 08:00 (UTC+04:00)

Məluümat verilidyi kimi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yeni güzəşt tətbiq olunacaq. Belə ki, Nazirlər Kabineti "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" qərarında dəyişiklər edib.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib. Dəyişikliyə əsasən, bu yardım buğda və çəltik səpininə də şamil olunub. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilib.

İqtisadçı-ekspert Yusif Vəliyev məsələni şərh edərkən ilk olaraq bildirdi ki, hazırda dünyada iqtisadi böhran yaranıb: "Bu krizislərin təsirini azaltmağın bir yolu da daxili istehsalı inkişaf etdirməkdir. Bizdə əsas gəlir mənbəyi neftdir. Onun da bu gün qiyməti aşağı düşüb. Bu fonda manatın ucuzlaşması tuzim və aqrar sahədə gəlirlərin artmasına səbəb ola bilər. Bu baxımdan da hazırki proseslər ölkənin neftdən asılılığını azaltmaq üçün həyata keçirilir. Nəzərə alaq ki, neftdən sonra bizim ən çox gəlir götürə biləcəyəmiz sahə kənd təsərrüfatı və turizm sektorudur. Kənd təsərrüfatında hətta ixrac imkanına da sahibik. Bu baxımdan verilmiş qərarlar kənd təsərrüfatının inkişafına bir qədər də təkan vermiş olacaq. Çünki, bu gün istənilən real biznes sahələri kənd təsərrüfatı ilə bağlıdır".

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə güzəşt məsələlərinə bir az fərqli baxışdan yanaşdı. Onun fikrincə, yalnız susbsidayların həcmi artırılmamalıdır: "Fərdi qayda da bəzi sahələrə subsidiya verilməsi nəzərdə tutulur. Xüsusən də heyvandarlıqda Prezidentin müvafiq sərəncamı var ki, bunnula süni mayalandırma yolu əldə olunan hər baş buzov üçün 100 manat maliyyə vəsaiti nəzərdə tutulub.

Amma bir sıra məsələlər mövcuddur ki, onların həlli üçün maliyyə vacib deyil. Məsələn, bu gün aqrar sahədə kadr çatışmazlığı var. Ən əsası düzgün aqrar siyasət aparılmalıdır. Bu zaman ayrılan subsidiyaların effekti olacaq. Maliyyə vəsaitinin səmərəsini təmin etmək üçün təşkilati məsələlər də yolunda olmalıdır. Sistemsizliyə yol vermək olmaz. Məqsəd ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Subsidiyalar əvvəl də verilirdi. Hətta o zaman benzinin, dizel yanacağanın qiyməti indikindən də ucuz idi. Subsidiyaların səmərələliyini təmin etmək üçün bu sahədə düzgün siyasət müəyyən edilməlidir. Kadr məsələsi xüsusi amildir. Təbii şərait, əmək resursu, bazarımız var. Bütün resurslarımız olduğu halda strategiyanı müəyyən edən kadrlar yoxdur. Bu sahə ilə bağlı institutlar, müvafiq nazirliyin nəzdində idarələr var. Onlar ciddi məşğul olmalı, fermerləri məlumatlandırmalıdırlar. Ən əsası subsidiyaların verilməməsindən əvvəl işlər görülməlidir".