Dayanacağı bilinməyən avtobuslar

27 Avqust 2015 09:00 (UTC+04:00)

Azərbaycanda ictimai nəqliyyat sektorunda əsasən sürücülərdən qaynaqlanan problemlər hələ də öz aktuallığını saxlayır. Bu fonda ənənəvi problemlərdən biri də odur ki, əərnişin nəqliyyatını idarə edən sürücülər hələ də bir çox hallarda avtobusu dayanacaqdan kənarda saxlamaqda davam edirlər.

Bu azmış kimi, sərnişinlər də bir növ həmin mənfi tendensiyanın ayaq açaraq yeriməsinə şərait yaradırlar. Belə ki, sərnişinlər avtobusu dayanacaqlarda gözləməli olduqları halda, bəzən onlar dayanacaqdan kənar yerlərdə sürücünü saxlamağa məcbur edirlər. Bu istiqamətdə ən acınacaqlı durum Bakıətrafı qəsəbələrdə müşahidə olunur. Problem uzun müddətdir ki, davam edir.

Sabiq polis əməkdaşı Mahmud Hacıyevin fikrincə, dayanacaqdan kənarda avtobusların saxlanılması kimi problemlərin indiyə kimi həllini tapmaması bu istiqamətdə maarifçilik işinin lazımı səviyyədə olmaması ilə bağlıdır: "Sərnişinlərin dayanacaqlardan istifadə etməməsi, məcazi mənada yol-hərəkət qaydalarını pozmalarına şəraiti də bir növ sürücülər yaradır. Yəni, vəziyyətin bu hal almasında sərnişindən çox sürücünü günahlandırıram. Düzdür, sərnişinin də günahı vardır. Amma sürücü həmin şəraiti yaratmasa, harda gəldi saxlamaqdan imtina etsə, vətəndaş da məcbur olub hökmən dayacanağa gedəcək. Amma indiki halda sərnişin bilir ki, sürücü onun istədiyi yerdə saxlayacaq. Düzdür, elə sürücü var ki, sərnişinin yersiz tələbinə əməl etmir, ancaq dayanacaqda saxlaya biləcəyini bildirir. Belədə vətəndaş da məcbur olub ancaq dayanacaqda avtobusdan düşür. Lakin bütün hallarda vətəndaşı bu səhlənkarlığa, ictimai qayda-qanunu pozmağa sövq edən, onlara şərait yaradan sürücülərdir. Hətta son zamanlar görmüşəm ki, vətəndaşların bəziləri işıqforun qarşısında dayanaraq avtobus gözləyir. Avtobus da işıqforun döngəsində saxlayaraq, sərnişini düşürür və ya götürür. Nəticədə arxadan gələn kiçik maşınlar işıqforu görmürlər. Sovetlər dönəmində hamı dayanacağa gedirdi, çünki, avtobuslar da dayanacaqdan kənar ərazilərdə qəti olaraq saxlamırdı. Görünür, qayda-qanunlara əməl etmələri üçün sərnişinlər üzərində də maarifləndirmə işləri aparmaq lazımdır. Sürücülər də maarifləndirilməlidir ki, onlar saxlamasalar, sərnişin də nəhayət məcbur olub dayanacağa gedəcək. İnsanlara başa salınmalıdır ki, fiziki baxımdan onların hərəkətdə olmaları daha vacibdir. Amma tənbəllik, səhlənkarlıq, ehtiyatsızlıq, qanun-qaydaya məhəl qoymamaq gətirib belə bir vəziyyətin yaranmasına səbəb olub. Düşünürəm ki, dayanacaqdan kənarda avtobus saxladan sərnişinlər də cərimələrə məruz qalmalıdır. Amma bütün hallarda sərnişinlərdə yaranan bu səhlənkarlıq və tənbəlliyin kökündə sürücünün avtobusu harda gəldi saxlaması durur. O, bunu etməsə, sərnişin də nəhayət qayda-qanunlara öyrəşəcək".

Ekspert Azər Allahverənov isə düşünür ki, sözügedən problemin indiyə kimi həllini tapmaması prosesə nəzarətin güclü olmamasından qaynaqlanır: "Sərnişinlərin bəziləri bir çox hallarda özlərinin davranışları ilə avtobus sürücülərini də bir növ qanun pozuntusuna sövq edirlər. Bir qayda olaraq, sərnişin avtobusa arxa qapıdan minməli, ön qapıdan düşməlidir. Amma əksər hallarda görürük kİ, sərnişinlər ön qapıdan minir və nəticədə avtobusun içərisində böyük bir tıxac yaranır. Hətta sürücünün dəfələrlə müraciətinə baxmayaraq, sərnişin avtobus daxilində ortaya doğru hərəkət etmir. Belədə qapı ətrafında yaranan sıxlıq minmə-düşmə imkanlarını məhdudlaşdırır. Digər tərəfdən avtobus sürücüsü yan güzgü vasitəsilə arxanı görməyə çətinlik çəkir. Sürücülərin sərnişinlərə müraciətlərinə baxmayaraq, onlar əksər hallarda yenə də öz bildikləri kimi hərəkət etməkdə davam edirlər. Başqa bir tərəfdən, bəzi sərnişinlər dayanacaqda minib düşməyi də özlərinə rəva görmürlər. Düşünürlər ki, harda gəldi düşə və ya minə bilərlər. Sərnişinlər bir növ bu kimi hərəkətləri ilə sürücüləri də dayanacaqdan kənarda saxlamağa sövq edirlər. Avtobus sürücüləri plandan asılı insanlardır və onlar planı doldurmaq üçün əksər hallarda sərnişinin belə davranışını təmkinlə qarşılamağa çalışır və nəqliyyat vasitəsini sərnişinin xatirinə harda gəldi saxlayır. Belədə görürük ki, sözügedən məsələdə hardasa, sərnişinlə sürücünün marağı üst-üstə düşür. Avtobus sürücüsü dayanacaqdan kənar saxladıqda 50 manata qədər cərimələnir. Vaxtaşırı müvafiq qurumlar bununla bağlı reydlər də keçirir. Lakin məsələ ondadır ki, reydlər keçirilən zaman avtobus sürücüləri yol hərəkəti və saxlama qaydalarına əməl etsələr də, reydlər başa çatan kimi vəziyyət yenə də əvvəlki halına qayıdır. Deməli, burada məsələyə kompleks yanaşmaq gərəkdir. Avtobus sürücüləri üzərində nəzarət gücləndirilməlidir. Nəzarətin də gücləndirmə mexanizmləri var. Amma onu bir qədər də təkmilləşdirmək olar. Nəqliyyatın İdarəetmə Mərkəzinə xüsusi siqnallar göndərilməsi vasitəsilə də sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamaları müşahidə oluna bilər. Belə olarsa, artıq vaxtaşırı keçirilən reydlərə, prosesə yol polisi və Nəqliyyat Nazirliyinin qoşulmasına da ehtiyac qalmayacaq. Eyni zamanda, bu istiqamətdə sürücülərlə yanaşı, sərnişinlərlə də maarifləndirmə işləri aparılmalıdır. Sürücü dayanacaqdan kənarda saxlamamaqla istənilən sərnişin də nəhayət anlayacaq ki, onun kənar ərazilərdə avtobusu saxlamağa cəhd etməsinin heç bir əhəmiyyəti yoxdur. Belədə o da nəhayət qaydalara uyğun şəkildə hərəkət edəcək. Bunu deməkdə məqsədim odur ki, belə problem ilk əvvəl sürücülər tərəfindən həllini tapmalıdır. Onu da deyim ki, 5-10 il öncə avtobusların harda gəldi saxlaması kütləvi şəkildə dəbə minmişdi. İndi isə maarifləndirmə işi və keçirilən reydlər müəyyən qədər öz bəhrəsini verməkdədir. Hansısa sərnişin avtobusu dayanacaqdan kənarda saxlamaq istəyir, sürücü buna getmədikdə, digər sərnişinlər arasında elələri də olur ki, onlar həmin tələsən vətəndaşa avtobusun harda gəldi saxlanıla bilməyəcəyini başa salırlar. Yəni son zamanlar ictimai nəzarət mexanizminin də müəyyən qədər işə düşdüyünü görürük. Bütün hallarda məsələ ondadır ki, sürücü qaydalara uyğun hərəkət etdikdə, sərnişinlər heç bir halda onun qayda pozuntusunu görməyəcək və belə xoşagəlməz hallar da olmayacaq".