Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” filmi Milan festivalında

26 Avqust 2015 17:34 (UTC+04:00)

Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor" (Sonsuz Dəhliz) sənədli filmi daha üç beynəlxalq nominasiyaya layiq görülüb. Movqe.az-ın Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi məlumata görə, film rəsmi olaraq bu ilin noyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək "Milan IFF 2015" kino festivalında nümayiş üçün seçilib.


Bu nüfuzlu Milan festivalında dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqrafçılar bir araya gələcək.


Hazırda davam edən "Milan Expo 2015" universal beynəlxalq sərgiyə görə Milanda böyük izdiham var və bu şəhər Avropanın nüfuzlu işgüzar şəhəri kimi ad çıxarıb. Film yaradıcılarının fikrincə, "Sonsuz Dəhliz" filminin Milanda təbliği və nümayiş etdirilməsi yaxşı imkandır.


"Sonsuz Dəhliz" filmi "Milan IFF 2015" kino festivalında aşağıdakı nominasiyalarda iştirak edəcək: "Ən yaxşı qısametrajlı sənədli film", "Sənədli filmdə ən yaxşı kinematoqrafiya" və "Ən yaxşı montaj olunmuş sənədli film".


Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən "Sonsuz Dəhliz" filmi bu il ərzində beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən "Accolade Qlobal Film Competition" müsabiqəsində "Best of Show" mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.


Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları "Sonsuz Dəhliz" filmini "Ən Yaxşı Sənədli Film" və Aleksandras Brokası "Ən Yaxşı Sənədli Film Rejissoru" nominasiyası üzrə qalib elan edib.


Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas bu münasibətlə deyib: "Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. "Sonsuz Dəhliz" filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır".


Filmin nümayişi Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyasında və İsrailin"Channel 1" televiziya kanalında da baş tutub.


"Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.


Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.


Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub.


Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib.


Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.