ABŞ-da prezidentliyə namizəd jurnalisti mətbuat konfransından qovdu

26 Avqust 2015 19:25 (UTC+04:00)

ABŞ-da prezidentliyə namizədlərdən Donald Tramp keçirdiyi mətbuat konfransında jurnalisti qapı arxasında qoyub.

Trampın seçki platformasında yer alan miqrant siyasəti barədə sual verən jurnalist mətbuat konfransından qovulub.Movqe.az.az xarici mətbuata istinadən xəbər verir ki, ispandilli "Univision" telekanalını təmsil edən jurnalist Xorxe Ramos sualını verərkən Trampın miqrant probleminə yanaşmasını tənqid edib. 

Tramp jurnalistin sualına cavab vermək istəməsə də, qarşı tərəf israr edib. Prezidentliyə namizəd də "geriyə – "Univision"a qayıt!" deyərək mühafizəçilərinə jurnalisti bayıra çıxarmaq barədə göstəriş verib. Mühafizəçiləri jurnalisti bayıra çıxararkən Ramos fikrinə davam edib və bildirib ki, 11 milyon insanı ölkədən deportasiya etmək və 3 min kilometrlik divar tikmək olmaz. Qeyd edək ki, Xorxe Ramosun tənqid etdiyi bu məqamlar Trampın seçki platformasında yer alıb. Bundan sonra jurnalisti yenidən mətbuat konfransına qaytarıblar və onunla Tramp arasında mübahisə davam edib.

Qeyd edək ki, D.Trampın bu cür addım və bəyanatları ilk dəfə deyil. Bundan əvvəl o, Meksikadan ABŞ-a təcavüzkarların və digər cinayətkarların gəldiyi ilə bağlı qalmaqallı açıqlama vermişdi. Lakin bütün bu xoşagəlməz açıqlamalar Trampın reytinqinə mənfi təsir etmir. Tramp respublikaçı namizədlər arasında liderliyi qorumaqda davam edir.