Arıçıların kredit probleminin çözümü saxta bal satanların bazarını «öldürəcək»

28 Avqust 2015 10:45 (UTC+04:00)

Azərbaycanda insanlar hələ çox qədimdən arıçılıq təsərrüfatı ilə də məşğul olublar. Bu sahə ilə indinin özündə də ölkəmizdə məşğul olanların sayı kifayət qədərdir. Lakin sahənin dah dinamik inkişafı üçün arıçılıq təsərrüfatlarına uzunmüddətli və güzəştli kreditlərin ayrılması da zəruri sayılır.

Bu fonda arıçılara dövlət tərəfindən müvafiq dəstəyin göstərilməsi üçün onlara biznes plan layihələrinin hazırlanması və bu sənədlərin Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmələri tövsiyə olunub. Görəsən, uzunmüddətli və güzəştli kreditlərin ayrılması ölkə arıçılığına nə vəd edir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, uzunmüddətli və güzəştli kreditlərin verilməsi arıçılıq istehsalının keyfiyyət baxımından da artmasına gətirib çıxaracaq: "Ölkəmizdə arıçılıqla bağlı problemlər yaranıb. Bu da həm iqlim dəyişikliyi, həm də son zamanlar fermerlərin intensiv meyvəçiliklə məşğul olmaları ilə bağlıdır.Yem çatışmamazlığı ilə bağlı da arıçılıqda problemlər yaşanır. Prosesə habelə iqlim dəyişməsi, xəstəliklər də təsir edir. Bir sözlə, arıçılıq təsərrüfatlarının problemləri artdığından onlara uzunmüddətli və güzəştli şərtlərlə kreditlərin verilməsi mütləqdir. Bu gün bazara çıxarılan balın böyük hissəsi saxta məhsuldur. Bu işlə məşğul olan işbazlar "məhsulu" ucuz təklif etdiklərindən, sahə ilə məşğul olan arıçılarımız məhsullarını bazara normal qiymətlə çıxarıb sata bilmirlər. Bu gün həmçinin, əhalinin keyfiyyətli bala olan tələbatı da ödənilmir. Belə vəziyyətin yaranması həm də onunla bağlıdır ki, əsl bal istehsalçıları getdikcə azalır. Sözügedən sahədə xüsusi proqram qəbul etmək, Arıçılar Assosiasiyasının fəaliyyətini bərpa edərək, onların maliyyə imkanlarını yaxşılaşdırmaq lazımdır ki, problemlərini kollektiv olaraq həll edə, bank öhdəliyi götürərkən, bir-birinə məsuliyyət daşıya bilsinlər. Yəni, bir çox məqamlar var ki, ona ciddi əməl edilməlidir. Azərbacanda adambaşına istehsal olunan bal məhsulu aşağı səviyyədədir. Ona görə də sahənin real olaraq inkişafı üçün ucuz kreditlərin arıçılara verilməsi günün vacib məsələsidir.

Ucuz və güzəştli kreditlərin verilməsi arı ailələrinin artmasına, arıların yemlənməsi üçün bitkiçiliyin inkişaf etdirilməsinə, daha məhsuldar arı cinslərinin yetişdirilməsinə, arı ailələrini lazım olan uzaq məsafələrə apara bilinmələrinə, nəticədə son olaraq istehsalın, o cümlədən keyfiyyətin artmasına gətirib çıxaracaq. Ona görə də belə təsərrüfatlara uzunmüddətli kreditlər mütləq mənada verilməlidir. Bütün bunlar əlavə maliyyə vəsaiti tələb edir. Arıçılar istehsal etdiyi məhsulu uyğun qiymətə sata bilmir. Bu istiqamətdə gəlir əldə etməklə bağlı problemləri var. Rentabellik də yüksək deyil. Aşağı faiz və uzunmüddətli kredit təklif olunarsa, onlar bundan səmərəli istifadə etməklə, sahənin inkişafına nail ola bilərlər. Ancaq bütün hallarda Arıçılar Assosiasiyası da bərpa edilməlidir. Bal istehsal edilməklə yanaşı, emal edilməli və satılmalıdır. Həmçinin, xaricə bal ixrac etmək barədə də düşünməliyik. Amma beynəlxalq bazara çıxmaq üçün çoxlu sayda analizlərin aparılmasına ehtiyac vardır. Balın tərkibindəki antibiotiklərin yoxlanılması üçün təxminən 20 növ analiz və zərərli maddələrin olub-olmadığını yoxlamaq üçün 10 növ analizlər aparılmalıdır. Bu analizlərin hər birinin qiyməti isə 200 avro dəyərindədir. Bu amil də həmin sahəyə uzunmüdətli maliyyə vəsaitinin ayrılmasını vacib edir. Daxili tələbatı ödəmək və xaricə məhsul çıxarmaq istəyiriksə, maliyyə məsələsinə ciddi önəm verilməlidir".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov da qeyd etdi ki, uzunmüddətli kreditlər bal istehsalının həcminin artmasına təkan verəcək: "Son illər ölkəmizdə arıçılıq da inkişaf edir. 2005-ci ilə nisbətən ölkədə arı ailələrinin sayı təxminən 3 dəfə artıb. Ona müvafiq olaraq bal istehsalı da çoxalıb. Ancaq onu da qeyd edim ki, arıçılar arasında saxtakarlıq halları da artıb. Onlar yarmarkalara bəzi hallarda saxta bal gətirir. Ən çox saxta bal Daşkəsəndən, Astaradan gətirilir. Əslində isə, bu müqəddəs işə kənardan müdaxilə etmək yolverilməzdir. Respublikada bal istehsalını artırmaq üçün arıçılığa son illər diqqət və qayğı artıb. Lakin arıçılara kredit verilməsi məsələsi neçə illərdir ki, problem olaraq qalır. Hər bir arı ailəsini alıb yetişdirmək üçün 100 manat pul tələb olunur. Ona görə də bu sahə ilə məşğul olanlara uzunmüddətli, güzəştli kreditlər verilməlidir. Kənd Təsərrüfatı nəzdində olan Dövlət Agentliyi bu işə girişməlidir. Neçə illərdir bu məsələ qaldırılsa da, öz həllini tapa bilməyib. Azərbaycanda flora çoxsahəli və rəngarəngdir. Bu mənada da arıçılığın inkişafı üçün bütün imkanlar yaradılıb. Güzəştli və uzunmüddətli kreditlər hesabına ölkədə arı ailələrinin sayını 500 minə çatdırmaq mümkündür. Bu hesabla da bal istehsalını 50 min tona qədər qaldırmaq olar. Lakin bunun üçün arıçılara şərait yaradılmalıdır. İşin öhdəsindən gələn arıçılara güzəştli və uzunmüddətli kreditlər verilməlidir. Hər bir arıçı ən çoxu 10-15 min manat kredit istəyir. Amma krediti verən bunun üçün şəhərdə girov mülkün olmasını tələb edir. 15 min manat elə də böyük pul deyil ki, arıçını get-gələ salasan. Belədə arıçı kredit ala bilmir. Onlara krediti ilk növbədə Kənd Təsərrüfatı Nazirliyindəki Dövlət Agentliyi verməlidir. Çünki, onların buna imkanları da çatır".