Fransalı senator: “Azərbaycan və Fransa arasında energetika sahəsində əməkdaşlığın gözəl perspektivləri var”

4 Oktyabr 2012 13:01 (UTC+04:00)
"Azərbaycan və Fransa arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün gözəl perspektivlər var.

Hazırda Fransa özünü mavi yanacaqla tam təmin edir, lakin zaman keçdikcə tələbat artacaq və düşünürəm ki, Azərbaycandan qaz nəqli problemin ən yaxşı həll yolu ola bilər". Bu açıqlamanı APA-ya Azərbaycanda səfərdə olan Fransa Senatının nümayəndə heyətinin sədri, Senatın energetika məsələləri üzrə araşdırma qrupunun sədri Ladislav Ponyatovski verib. 

O qeyd edib ki, araşdırma qrupu energetika sahəsində əməkdaşlıq, neft, qaz, nüvə enerjisi və alternativ enerji mənbələri kimi məsələlərlə məşğul olur. Nümayəndə heyəti Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi səfər çərçivəsində Azərbaycan prezidenti, nazirlik və dövlət qurumlarının rəhbərləri, ARDNŞ, Fransanın "Total" və Britaniyanın "BP" şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

Ladislav Ponyatovski bildirib ki, hazırda Fransanın mavi yanacağa ehtiyacı yoxdur, ölkə Rusiya, Norveç və Əlcəzairdən kifayət qədər qaz idxal edir: "Hələlik bizim əlavə mavi yanacağa ehtiyacımız yoxdur, lakin yaxın 15-17 il ərzində Norveçdən qaz nəqli azalmağa başlayacaq, buna görə gələcəkdə başqa ölkələrdən qaz nqlinə ehtiyac yaranacaq. Düşünürəm ki, Azərbaycandan qaz nəqli problemin ən yaxşı həll yolu ola bilər. O zaman Azərbaycanın Avropaya, Fransaya qaz nəqli həyata keçirmək üçün boru kəməri layihəsinə ehtiyacı olacaq. Düşünürəm ki, "Nabucco" belə bir layihə ola bilər. Azərbaycandan qaz nəqlinin alternativ variantlarından biri su yolu ilə sıxılmış qaz nəqli həyata keçirməkdir. Sıxılmış qazı gəmilərlə nəql etmək olar. Bəlkə həm gəmilərlə, həm də boru kəməri ilə qaz nəqlinə ehtiyac duyuldu. Təhlükəsizlik baxımından bütün yumurtaları bir səbətə yığmamaq lazımdır, diversifikasiyaya ehtiyac var". 

Nümayəndə heyətinin rəhbəri Fransanın müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına kömək edə biləcəyini deyib: "Gələcəkdə dünya ölkələri, bir deyil, bir neçə enerji növündən istifadə edəcəklər, hər ölkə hansı enerji növünə üstünlük verəcəyini özü müəyyənləşdirəcək".