Sevgilisi tərəfindən öldürülən Aytacın bacısı: “Oğlan onu döyürdü...”

28 Avqust 2015 17:30 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Prosesdə mərhum Aytac Babayevanın bacısı şahid qismində dindirilib. O, ifadəsində bacısının İzzətlə sevgili olduğunu, sonuncunun Aytacı dəfələrlə döydüyünü göstərib. Mərhumun anası Gözəl Bayramova ifadəsində İzzətin qızına hədə-qorxu gəldiyini, onun üzünə "kislota" atacağı ilə hədələdiyini bildirib. Şahid qismində dindirilən Nərmin Baxşiyeva da deyilənləri təsdiqləyib. Məhkəmə prosesi sentyabrın 5-ə kimi təxirə salınıb. İbtidai istintaqa verdiyi ifadəsində İ.Hüseynov A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü göstərib. Qız dayısı oğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyəniyi deyib və 17 yaşlı Aytacı vəhşicəsinə qətlə yetirib. Xatırladaq ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 ünvanında baş verib. İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.