Azərbaycan regionlarda genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayır
4 Oktyabr 2012 15:31 (UTC+04:00)
Gələn ildən
etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
ölkə regionlarında genişzolaqlı internetin inkişafına dair
layihənin icrasına başlayacaq.
Bu barədə "APA-ECONOMICS"ə
açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 65%-i internet
istifadəçisidir ki, bunun da 30%-i genişzolaqlı internetdən
istifadə edir. Genişzolaqlı internet istifadəçilərinin təxminən
yarısı isə regionların payına düşür. Kəndlərin 35%-nə artıq
fiberoptik kabellər çəkilib.
"Gələn ildən etibarən biz regionlarda, əsasən də ucqar kənd
yerlərində genişzolaqlı internetin inkişafına dair layihənin
icrasına başlayacağıq. Ümumiyyətlə, regionlarda genişzolaqlı
internetin inkişafı üçün bütün şərait var - regionlarda artıq
10-dan çox internet-provayder şirkəti fəaliyyət göstərir, eyni
zamanda qiymət siyasəti münasibdir. Belə ki, əgər bir neçə ölkədə
paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti
fərqlənirsə, bizdə qiymət eynidir", - deyə nazir müavini
bildirib.
E.Vəlizadə onu da qeyd edib ki, "Xalq kompüteri" layihəsi
çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə
satılıb və alıcıların yarıdan çoxu regionların payına
düşür.