Baxımlı və gözəl dırnaq qadınları hər zaman sevindirərək onların özünə inamını artırır. Hazırda dırnaqların akril qaynağı kövrək və çirkin dırnaqlara sahib olanlar üçün əsl sehirli çubuğa çevrilib.
Movqe.az xəbər verir ki, prosedurun sadəliyinə baxmayaraq, qaynaq edilmiş dırnaqlar xüsusi qulluq tələb edir. Gözəllik səfirliyinin ustaları qaynaq olunmuş dırnaqlara qulluğu iki kateqoriyaya ayırırlar: dırnaqların gözəlliyinin saxlanılması və onların sağlamlığının təmin edilməsi. Belə ki, akril dırnaqların gözəl görünüşünü qoruyub-saxlamaq üçün dırnaq boyası çəkməzdən əvvəl örtücü qat çəkmək məsləhətdir. Bu örtücü qat akril dırnağın rənginin dəyişməsinə imkan verməyəcək və ilkin parıltısını saxlayacaq. Aseton tərkibli dırnaq boyası silən vasitələrdən, dırnağın forma və uzunluğunu tənzimləmək üçün qayçı və tutqacdan qətiyyən istifadə etmək olmaz. Bunun üçün xüsusi mişarlar mövcuddur.
Akril dırnaqların kifayət qədər möhkəm olmasına
baxmayaraq, ehtiyatsız hərəkət nəticəsində qaynaq dırnaqla birlikdə
təbii dırnaq da sına bilər. Bu səbəbdən gözəllik səfirliyinin
ustaları akril dırnağın altında yerləşən təbii dırnaqların
sağlamlığının qorunması məqsədilə mexaniki təsir dərəcələrinə
diqqət yetirməyi tövsiyə edirlər.