"Seçkidə iştirak etmək üçün bütün institutlara bərabər şərait yaradılıb" MÜNASİBƏT

31 Avqust 2015 16:46 (UTC+04:00)

"Azərbaycan dövləti hər zaman olduğu kimi bu il də keçiriləcək parlament seçkilərinə çox ciddi hazırlaşır. Belə ki, dövlət hər vəchlə çalışır ki, seçkiyə hazırlıqda, onun təşkilində yeni, müasir texnologiyalardan maksimum istifadə edilsin. Bunun fonunda da seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradılsın". Bu fikirləri  Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib. Politoloq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların və ictimai institutların artıq seçki hazırlıqlarını başa vurduqlarını qeyd edərək bildirib ki, hər kəs özünü tam şəkildə seçki prosesinə kökləyir: "Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da öz müsahibəsində bir daha onu vurğulayıb ki, bu gün Azərbaycan dövləti özü maraqlıdır ki, müxalifət partiyaları güclü olsun və seçkidə partiyalar arasında güclü, şəffaf mübarizə getsin. Bu baxımdan da dövlət seçkidə iştirak etmək üçün bütün ictimai və siyasi institutlara bərabər şərait yaradıb. Bu da onu göstərir ki, dövlətimiz hər bir vətəndaşının hüquqlarına hörmətlə yanaşır, vətəndaşlarının hüquqlarını tanıyır".

Ramiz Alıyev həmçinin onu da vurğulayıb ki, əgər hansısa partiya və yaxud da qurum seçkilərdə iştirak etməkdən imtina edirsə, baykot çağırışları ilə gündəmdə qalmaq istəyirsə bu, həmin partiyanın sosial bazasının zəif olmasından irəli gəlir: "Ümumiyyətlə siyasi partiyanın seçkilərdə iştirak etməməsi normal hal deyil. Çünki siyasi meydandasansa, o zaman seçkilərdə gücünü sınamalısan. Yox əgər min bir bəhanə ilə seçkidə iştirakdan qaçırsansa, o zaman siyasi arenadan silinməyə məhkumsan. İnsanlar partiyalara seçkilərdə fəal iştirak etmək üçün üzv olurlar, musiqi yarışmalarına qatılmaq üçün deyil".