Bakıətrafı bağ evləri sürətlə bahalaşır
4 Oktyabr 2012 16:02 (UTC+04:00)
Bu ilin əvvəlindən etibarən daşınmaz əmlak bazarının qiymətlərində
müəyyən canlanma müşahidə olunmaqdadır. Bunun həm satılan, həm də
icarəyə verilən evlərin qiymətlərində aydın görmək mümkündür.
Ekspertlər icarə haqqının artmasını əsasən tədris ilinin başlaması
ilə izah etsələr də satılan evlərin qiymətindəki yüksəlmələri başqa
amildə görürlər. Qiymətlərin qalxmasını isə xüsusən Bakıətrafı
qəsəbələrdəki bağ evlərində daha aydın təzahür edir. Digər diqqəti
çəkən məqam isə sözügedən ərazilərdəki bağ evlərinə xaricilərin,
ələxüsus də İran vətəndaşlarının meyl etməsidir. Məlumat üçün
bildirək ki, qeyd edilən zonalardakı bağ evlərinə sahib çıxmaq
istəyən kəs yerindən asılı olaraq 120-500 min manatından
keçməlidir. Ekspertlər də qiymətlərin yüksək olmasını
edirlər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan
Atakişiyev də Bakıətrafı bağ evlərində qiymətlərin artmasını bir
neçə səbəbdən baş verdiyini qeyd etdi: "Burada birinci səbəb həmin
bölgələrin turizm sektoru üçün əlverişli olması ilə əlaqəlidir. Bu
bölgələrdən bağ evlərini icarəyə götürmələri və həmin yerlərdə
əhalidə mülkiyyətə sahib olma, yay vaxtlarında həmin evləri icarəyə
vermək kimi marağın artırmasından irəli gəlir. Bu baxımdan elə
həmin bölgədə torpağın da qiymətinin artması baş verib. Həmin
bölgələrdə əsasən xarici vətəndaşların sayının artmasınıı da eyni
səbəblə izah etmək olar. O bölgələrin yaşamaq üçün əlverişli
olması, Bakıya yaxınlığı və turizm üçün əhəmiyyətli olması xarici
vətəndaşların da bu ərazilərdən ev almasına gətirib çıxarır.
Tələbatın bu şəkildə artması istər – istəməz həmin bölgədə
mülkiyyət, torpaq sahibi olan sahibkarların öz mülkiyyətlərini daha
baha satmağa təşviq edir. Bu da tələb və təklifin qarşılıqlı
münasibəti nəticəsində hərrac bazar qiymətinin yuxarı qalxmasına
gətirib çıxarıb. Nə qədər ki, Bakıətrafı bağ evlərinə, torpaq
sahələrinə maraq artacaq, o qədər də həmin bölgədə qiymət artımı
davam edəcək". Bahalaşmanın qarşısını almaq məsələsinə gəldikdə isə
ekspert bildirdi ki, ümumiyyətlə, bu ərazidə satılan mülkiyyətlət
şəxsi mülkiyyətlərdir: "Ona görə də şəxsi mülkiyyətin qiymətinin
formalaşmasına dövlət müdaxilə edə bilməz. Bu, dövlət məqsədli
layihənin icrası üçün torpaq aldığı halda ola bilər. Yox, bir
tərəfdə mülkiyyətçi, digər tərəfdən isə azad bir fərd özü üçün
mülkiyyət almaq istəyirsə, burada dövlətin müdaxiləsi uyğun deyil.
Bazar iqtisadiyyatında yaşadığımıza görə, bu bölgələrdəki
qiymətlərin formalaşması tələblə təklifin arasındakı münasibət
əsasında meydana çıxır. Bu əraziyə tələb nə qədər böyükdürsə,
qiymət də o qədər yüksək olacaq".