“Britaniyalı leyboristlər Azərbaycanı dəstəkləyir”
4 Oktyabr 2012 16:21 (UTC+04:00)
Avropa Azərbaycan Cəmiyyəti oktyabrın 2-də Mançesterdə yerləşən
Radison Edvardian Oteldə tədbir keçirib.
AAC-dan APA-ya verilən məlumata görə, konfransda 100-ə yaxın
leyborist iştirak edib.
Konfransın spikerləri millət vəkili, Böyük Britaniya parlamentində
Azərbaycanla dostluq qrupunun üzvü Qeri Satklif (Gerry Sutcliffe)
və Avropa Parlamentinin üzvü, Avropa Birliyinin xarici işlər üzrə
sözçüsü, leyborist Riçard Hovit (Richard Howitt) olub.
Qeri Satklif Azərbaycanın dostu kimi bu tədbirdə iştirakdan məmnun
olduğunu deyib: "Leyboristlər Azərbaycanı dəstəkləyir. Bu ilin
sonuna yaxın biz həmkarlar ittifaqları ilə görüşmək üçün
Azərbaycana səfər edəcəyik. Bizim bu ölkədə çalışanlarla
səylərimizi birləşdirməyə ehtiyacımız var. Onları daim
dəstəkləyəcəyimizi bildirmək istərdim. Azərbaycan Böyük Britaniya
üçün təkcə strateji mövqeyinə görə deyil, həmçinin digər
cəhətlərinə görə də mühüm əhəmiyyət kəsb edir".
Avropa Parlamentinin üzvü Riçard Hovit (Richard Howitt) isə
Avropanın Azərbaycana daha çox diqqət ayırmasını istədiklərini
deyib: "Biz Ermənistanla Azərbaycan arasında mövcud olan Dağlıq
Qarabağ münaqişəsi, həmçinin ətraf 7 rayonun işğalından xəbərdarıq.
Bu münaqişənin sülh yolu ilə tez bir zamanda həllinə tərəfdarıq. Bu
istiqamətdə irəliləyişlər görmək istərdik. Azərbaycanın neft və qaz
ehtiyatları, gələcək enerji təhlükəsizliyi baxımından Avropa üçün
ağlasığmaz dərəcədə əhəmiyyət kəsb edir. Avropa Azərbaycan
Cəmiyyəti Azərbaycanın gücü, eyni zamanda üzləşdiyi çətinliklər
barədə məlumatların bütün dünyaya çatdırılması istiqamətində
xidmətlər göstərir".