Zığda yenidən sürüşmə təhlükəsi

1 Sentyabr 2015 12:10 (UTC+04:00)

"Yağışlar intensiv hal alarsa, Azərbaycanın bəzi ərazilərində torpaq sürüşmələrinin aktivləşəcəyi gözlənilir". Bu sözləri Movqe.az-a açılamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev söyləyib. Ə. Piriyev bildirib ki, hələki avqust ayının bülleteninə əsasən ölkədə sürüşmə sahələrində təhlükə yoxdur. Amma Ə. Piriyev payız fəsli ilə əlaqədar Zığda, İsmayıllının Muğanlı kəndində aktivləşmənin olmasının qaçılmaz olduğunu dilə gətirib: "Bildiyiniz kimi Zığ qəsəbəsindəki tikili və evlərdə havaların quraqlıq keçməsi ilə əlaqədar 15 sm-ya qədər çatlar yaranıb. Əgər ardınca leysan yağışlar yağarsa o ərazidə sürüşmə təhlükəsi yarana bilər. Amma sürüşmə təbiət hadisəsi olduğundan öncədən qəti fikir söyləmək də mümkün deyil".

Ə. Piriyev hər ay sürüşmə ərazilərində monitorinq keçirildiyini də söyləyib.