MN: Azərbaycan Silahlı Qüvvələri təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib

1 Sentyabr 2015 12:47 (UTC+04:00)

"Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar".

Movqe.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir: "Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir".