Səhiyyə Nazirliyi: Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir

1 Sentyabr 2015 14:04 (UTC+04:00)

Yoxlamalar zamanı bazardan 361 adda qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamaları aparmağa başlayıb. Nazirlikdən Movqe.az--a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təlim keçmiş və müvafiq sertifikatları olan istehsalat müfəttişləri hazırlanıb.

İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırılır.

Nazirlikdən qeyd ediblər ki, bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq və müəssisələrin GMP-inspeksiya planları hazırlanıb.

Həmin plana əsasən ilk növbədə Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması nəzərdə tutulub.

Son bir necə ay ərzində analitik-nəzarət laboratoriyası tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlanıb və satışına icazə verilməyib.

Nazirlikdən əlavə ediblər ki, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir. Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. Bu il ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati xətalar məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb. Yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.