Türkiyə prezidentinin baş müşaviri: “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindəki problem aradan qaldırılacaq”

1 Sentyabr 2015 16:14 (UTC+04:00)

"Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindəki problemi aradan qaldıracağıq".


Movqe.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə prezidentinin baş müşaviri, keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib. "Tikinti işlərində problemlərin olmasından mən də qısa müddət əvvəl xəbər tutmuşam. Problem tikinti firmalarından irəli gəlib, onlar problem yaradıblar. Bu cür mühüm regional layihəni mütləq tamamlayacağıq. İşi nəzarətə götürmüşəm. Ən qısa müddətdə inşaat şirkətləri ilə olan problemləri həll edib dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq", - deyə o, söyləyib.


Qeyd edək ki, 61-ci Ərdoğan hökumətinin nəqliyyat, dənizçilik və kommunikasiya naziri olmuş Binali Yıldırım 2013-cü ilin mart və dekabr aylarında APA-ya verdiyi açıqlamalarda dəmir yolunun tikintisinin ən gec 2014-cü ilin payızında tamamlanacağını demişdi. B. Yıldırımın xələfi Lütfi Əlvan da bu ilin fevralında APA-ya açıqlamasında layihənin tamamlanması üçün nəzərdə tutulan qrafikdə gecikmə olmayacağını bildirmişdi.