Sahibkarların lisenziya alması tezləşdirilir

2 Sentyabr 2015 08:00 (UTC+04:00)

Məlumat verildiyi kimi, Prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmanda ona diqqət çəkilir

ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir.

Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir. Elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaq.

Dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, şəffaflığın artırılmasını təmin etmək məqsədi ilə Prezident yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində yeni qaydalar müəyyənləşdirib. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron lisenziya" portalının yaradılmasını təmin edilməsi tapşırılıb. Bununla yanaşı, digər mühüm məsələlər də fərmanda öz əksini tapıb.

Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman "ASAN" xidmətinin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq. İqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı qeyd edib: "Sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq. Belə ki, bu məqsədlə "Elektron lisenziya" portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək".

Onun sözlərinə görə, Fərmandan irəli gələrək, bundan sonra sahibkarlar qısa zamanda lisenziya, sertifikat və digər sənədlər ala biləcəklər: "Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə, nə də çoxlu sənəd toplamasına lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək.

Fərman eyni zamanda vətəndaşların da arayış almaq problemini həll edəcək. Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin".

Fərmanda o da bildirilir ki, Nəqliyyat Nazirliyi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi və taksi minik avtomobillərinə "Fərqlənmə nişanı"nın verilməsi xidmətlərinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etsin. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.