Qarşı yola çıxan sürücülər

2 Sentyabr 2015 10:10 (UTC+04:00)

Yeni mövsümün yaxınlaşması ilə Bakıda tıxac problemi yenidən aktuallaşmağa başlayır. Proqnozlaşdırılır ki, sentyabrın 15-dən sonra bu problem daha da kəskinləşsin. Belə ki, yeni tədris ilinin başlanması ilə şəhərdə tıxac probleminin özünü daha qabarıq şəkildə göstərdiyini artıq hər il müşahidə etməyə başlamışıq.

Tıxac zamanı özünü göstərən problemlərdən biri də avtomobil sürücülərinin nizamsız hərəkət edərək əks yola keçməsi hadisəsidir. Belə ki, yolun bir tərəfində tıxacın yaranması zamanı bir sıra sürücülər ondan yan keçmək üçün əks yola keçirlər. Bununla elə zənn edirlər ki, tıxacdan yaxa qurtara biləcəklər. Amma əksinə, bu halda tıxac daha da böyüyür və yolun əks istiqaməti də onun qurbanı olur. Təkliflər səslənir ki, əks yola keçməklə tıxacı daha da kəskinləşdirən belə sürücülərə münasibətdə cərimələrin daha da sərtləşdirilməsinə ehtiyac var.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövcud cərimənin yüksək olduğunu əsas gətirərək, onun daha da sərtləşdirilməsinə ehtiyac görmədi: "Hazırda yol hərəkəti qaydalarını pozan sürücülərə münasibətdə tətbiq olunan cərimələr onsuz da kifayət qədər sərtdir. Ona görə də bu cərimələrin daha da artırılmasına fikrimcə, ehtiyac yoxdur. Hərəkət istiqamətində tıxacla rastlaşan sürücünün ondan yaxa qurtarmaq üçün yolun əks istiqamətinə keçməsinə görə 100 manat cərimə tətbiq olunur. Bu hala görə həmçinin 4 ballıq cərimə balı da verilir. 4 cərimə balı o deməkdir ki, bir sürücü həmin qayda pozuntusuna ancaq 4 dəfə yol verə bilər. Beşinci belə hərəkətə yol verməsilə isə sürücülük vəsiqəsindən məhrum olacaq. Düşünürəm ki, tətbiq edilən bu cərimələr kifayət qədər sərt tənbehdir. Çünki, əksər sürücülər üçün 100 manatlıq cəriməni ödəmək elə də asan məsələ deyil. Bu mənada görürük ki, yolun əks istiqamətinə keçib, orada da tıxacın yaranmasına bais olan sürücülər əsasən iki kateqoriyadan olan insanlardır. Bunu edənlər özündən razı və təfəkkürsüz, səviyyəsiz insanlardır. Sadəcə olaraq, onları məsuliyyətə cəlb etmək lazımdır. Elə etmək lazımdır ki, heç kim məsuliyyətdən kənarda qalmasın. Adətən, avtomobillərdən birinin tıxacdan qurtulmaq üçün əks yola keçməsi tezliklə kütləvi hal alır. Yəni, digərləri də həmin qanunsuzluğa yol verənin ardınca anoloji hərəkətə yol verirlər. Belədə hamısı məsuliyyətə cəlb edilməlidr. Lakin polis isə onların hamısını məsuliyyətə cəlb etməkdə çətinlik çəkir. Cərimələrlə yanaşı, sürücülərin maarifləndirilməsi prosesini genişləndirmək lazımdır. Həmçinin, əks yola keçərək hərəkət edən sürücülər ictimai qınağa tuş gəlməlidir. Cəmiyyətin diqqətinə yeridilməlidir ki, belə hərəkətlər insana yaraşmayan hərəkətdir".

Ekspert Azər Allahverənov isə cərimələrin sərtləşdirilməsi deyil, nəzarət mexanizminin daha da gücləndirilməsini təklif etdi: "Azərbaycan qanunvericiliyində yol hərəkətini pozmağa görə, cərimələr hazırda kifayət qədər sərt olması ilə seçilir. Ona görə də hesab etmirəm ki, həmin cəza sanksiyalarını bir qədər də artırmaq lazımdır. Düşünürəm ki, bu kimi məsələlər üzərində nəzarət mexanizmi gücləndirilməlidir. Bəzi hallarda müşahidə kameralarının olmadığı yerlərə də rast gəlirik. Həmçinin, belə yerlərdə yol patrul xidməti əməkdaşlarına da az rast gəlinir. Belədə xüsusən də həmin yollarda sürücünün əks yola çıxması kimi qayda pozuntuları baş verir. Bu tipli yerlər aşkar olunmalı və sürücülər müşahidə kameraları zamanı aşkar edilən xətalara görə inzibati məsuliyyətə cəlb olunmalıdırlar. Digər tərəfdən, düşünürəm ki, sürücülər arasında müxtəlif texniki vasitələrdən istifadə etməklə maarifləndirmə işlərinin aparılması da genişləndirilməlidir. Ola bilsin, bəzi qanun pozuntusu elementlərinə görə sərtləşməyə getmək də olar. Amma bu zaman cərimənin miqdarının artırılması yox, il ərzində bir neçə dəfə baş verən eyni cəzaya görə daha ağır formada inzibatı məsuliyyət tətbiq oluna bilər. Məsələn, həmin qayda pozuntusuna yol verənlərin 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməsi mümkündür. Nəyə görə sürücülər bilərəkdən əksər hallarda əks yola keçmək kimi qayda pozuntusuna yol verir? Bakıxanov prospektində, Rusiya səfirliyinin yerləşdiyi binadan üzü Gənclik metrosuna doğru gedən istiqamətdə tez-tez anoloji qayda pozuntusu ilə rastlaşıram. Məsələ ondadır ki, bəzi yerlərdə işıqfor elə nizamlanır ki, sürücülər müəyyən zamanda bəlkə də hərəkəti dayandırmaq məcburiyyətində qalır. Belə olan halda sürücülərin çoxu qaydaları kobud şəkildə pozaraq irəli keçməyə çalışır və bu zaman da əks yola keçirlər. Faktiki olaraq, həmin yolda onları buna sövq edən amil işıqforun düzgün nizamlanmamasıdır. Başqa bir tərəfdən, ölkəmizdə sürücülük mədəniyyətinin aşağı səviyyədə olması da belə qanun pozuntularının baş verməsinə gətirib çıxarır. Sürücü dərk etməlidir ki, qarşı tərəfə çıxmaqla qəza şəraiti yaradır, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir. Nəticə etibarı ilə həmin hərəkətlə mövcud tıxacı daha da ağır hala salır. Bunlar hamısı sırf sürücü mədəniyyətilə bağlı olan məsələlərdir. Ona görə də sürücülük mədəniyyəti istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə sosial çarxlar yayılmalıdır ki, sürücü bu tip hərəkətinin onun mədəniyyətinin aşağı səviyyədə olduğunu anlasın".