Azərbaycanda doğumun sayı azalıb-Özəl

1 Sentyabr 2015 17:15 (UTC+04:00)

"Azərbaycanda hər il doğum min nəfər azalır. Doğumun azalmasında selektiv abortların da payı var". 

Bu sözləri Movqe.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. E. Səfərov deyib ki, hər il 20 min uşaq selektiv abortun qurbanı olur: "Bu da doğuma təsir göstərir.Ümumiyyətlə aparılan araşdırmalar göstərir ki, hər il doğum sayında mindən çox azalma müşahidə olunur. Bu proses 2011-ci ildən qeydə alınır".

E. Səfərov bildirib ki, doğumun azalmasının qarşısını almaq üçün selektiv abortlara qarşı sanksiyalar tətbiq edilməlidir: "Həkimlər üçün də ciddi məsuliyyət müəyyənləşməlidir. Ola bilməz ki, 20 min uşağın hər biri xəstə olsun, tibbi göstəriş olduğu üçün abort edilsin. Bu məsələ araşdırılmalıdır. Əgər abortlar zamanı sağlam uşaqlar da məhv edilirsə bunun qarşısı ciddi şəkildə alınmalıdır. Çünki, bu faktlar  doğumun sayına ciddi təsir göstərir".