Azərbaycan Dövlət Aqrar Universitetinin “baytarlıq” ixtisası üzrə bir qrup tələbəsi İstanbul universitetinə təcrübəyə göndərilir

1 Sentyabr 2015 18:58 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin kənd təsərrüfatının baytar həkimləri ilə təminatının yaxşılaşdırılması prioritetlərdən biridir. Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri "baytarlıq" ixtisası üzrə təhsil alan tələbələrin təcrübələrinin xarici ölkələrdə, o cümlədən Türkiyənin aparıcı ali aqrar təhsili müəssisələrində təşkilidir.

Universitetlərarası əməkdaşlıq əlaqələri çərçivəsində ADAU-nun baytarlıq təbabəti və zoomühəndislik fakültəsi əyani təhsil formasının "baytarlıq" ixtisası üzrə dördüncü kurs tələbələri Hümbət Fərmanlı, İsgəndər Məmmədov, Sabir Xıdırlı, Nabat Məmmədova, Aysel Cəlilova 2015-ci il sentyabr 01-dən 15-dək Türkiyənin İstanbul Universitetinin baytarlıq fakültəsində təcrübə keçəcəklər.

Bundan başqa, 01-30 mart 2015-ci tarixlərində qeyd olunan fakültənin "əczaçılıq" ixtisası üzrə üçüncü kursda təhsil alan 14 tələbəsi Türkiyənin Ondokuz Mayıs Universitetində, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin fevral ayına kimi 10 tələbəsi Ankara, Səlcuk və İstanbul Universitetində 5 (beş) aylıq təcrübə keçiblər.