Azərbaycan XİN: Ermənistan ordusunun toy mərasimini atəşə tutması hərbi cinayətdir

2 Sentyabr 2015 16:13 (UTC+04:00)

"Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən mülki insanların kütləvi şəkildə cəmləşdiyi toy mərasimini qəsddən atəşə tutması və nəticədə aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır".

 

Movqe.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev sentyabrın 1-də Tərtər rayonunun Qapanlı kəndi ərazisində keçirilən toy mərasiminin atəşə tutulması hadisəsini şərh edərkən deyib.

 

H. Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquqda birbaşa və qəsdən mülki şəxslərə qarşı hücumlar qəti şəkildə qadağan edilib: "Silahlı münaqişələr vaxtı mülki əhali, o cümlədən fərdi mülki şəxslər heç bir halda silahlı hücumun hədəf obyekti ola bilməz. Beynəlxalq cinayət hüququna uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qəsdən törətdiyi bu əməl hərbi cinayətidir.  Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistan beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən, insanlığa xas etik və mənəvi davranışdan tamamilə uzaqdır. Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törətmiş Ermənistanın mülki və hərbi rəhbərliyi üçün mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi artıq adət halına çevrilib. Hələ 8 mart 2011-ci ildə Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdi.  Son hadisə də daxil olmaqla, Ermənistanın bu kimi məsuliyyətsiz və cinayətkar davranışı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalıdır. Ermənistanın məqsədyönlü şəkildə atəşkəs rejimini pozması və cəbhə xəttində vəziyyəti qəsddən gərginləşdirilməsi, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatçı əməllər törətməsi, ayrı-seçkilik qoymadan mülki əhalini belə qəsddən silahlı hücuma məruz qoyması, eləcə də bu günlərdə  işğal edilmiş ərazilərdə yaradılmış qondarma kriminal rejimin "müstəqilliyi" adı altında Ermənistan siyasi rəhbərliyinin iştirakı ilə Xankəndi şəhərində tədbir təşkil etməsi, 13 sentyabr tarixində qondarma rejimin "yerli idarəetmə orqanları"na qurama "seçki"lər keçirməsi kimi təxribatçı siyasəti bir daha onu sübut edir ki, Ermənistanın əsl məqsədi Azərbaycan ərazilərinin işğalını və mövcud status kvonu davam etdirməkdir".

 

H. Hacıyev qeyd edib ki, Ermənistanın təcavüz və işğala əsaslanan bu siyasəti münaqişənin həlli prosesinə və regionda sülh və sabitliyin bərqərar olmasına bilavasitə təhlükədir: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yaranmış bu vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu son müharibə cinayəti əməli də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaq".