Qarabağda müharibə yenidən alovlanır…

3 Sentyabr 2015 08:00 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri fonunda şimal qonşumuzda Dağlıq Qarabağ münaqişəsinə diqqətin yenidən artması müşahidə olunur. Hər halda Rusiya media orqanlarında, açıqlanan ekspert rəylərində bunu aydın müşahidə etmək mümkündür. Burada hesab olunur ki, Ermənistandan qat-qat güclü olan Azərbaycan işğal siyasətinə dözmək niyyətində deyil.

Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşri bu fonda qeyd edir ki, Azərbaycan və Ermənistan yeni müharibə həddinə çatıb: "Müharibə təhlükəsi hər zaman olduğu kimi yenə mövcuddur. Lavrovun səfərində bu məsələ müzakirə olunacaq əsas mövzudur". "Svobodnaya pressa" internet nəşrində bu mövzuda dərc edilmiş məqalədə Qarabağda "topların döyüşə hazır olmasından" bəhs edilir. Rusiyalı hərbi ekspert Semyon Bağdasarov deyib ki, situasiyanın obyektiv qiymətləndirilməsi Azərbaycan ordusunun həm say baxımından, həm texniki təchizat göstəricilərinə görə Ermənistan ordusundan, eləcə də Qarabağdakı erməni qüvvələrindən üstün olduğunu göstərir. Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin isə əmindir ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı yüksəkdir: "Münaqişə dondurulmuş vəziyyətdə mövcud ola bilər, ancaq unutmayın ki, Azərbaycan ərazilərinin 20 faizini itirib. Mən heç bir səbəb görmürəm ki, Azərbaycan rəhbərliyi bundan sonra da bu vəziyyətlə barışmaqda davam edəcək. Əgər belə davam edəcəksə, o zaman onlar nəyə görə nəhəng məbləğlərdə pulları silahlı qüvvələrə xərcləyirdilər? Azərbaycan Rusiyadan böyük miqdarda hücum silahları alıb: təkcə T-90 tankları 200-ə yaxındır. Hələ ağır odsaçan sistemlər, "Smerç" reaktiv yaylım atəşi sistemləri və sairi demirəm". Qüvvələr nisbətinə gəldikdə isə Xramçixinə görə hazırda texnikanın və silahlanmanın keyfiyyətinə görə Rusiyadan sonra postsovet məkanında seçilən ölkə məhz Azərbaycandır.

Rusiyalı politoloq Andrey Petrov isə deyir: "Ermənistan əvvəl hərbi təxribatlara əl atırsa, indi siyasi gedişlər edir. Çünki İrəvanın mövcud status-kvonu saxlamaq üçün başqa yolu yoxdur. Ermənistan Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları" işində verdiyi hökmü icra etməyə məcburdur. Bu da Qarabağın azad olunması üçün yeni şərait yaradır. Hesab edirəm ki, beynəlxalq sanksiyaların olmadığı bir şəraitdə Ermənistan qeyri-müəyyən vaxta qədər Qafqazda sabitliyi pozmaqda davam edəcək"..

Rusiya Elmlər Akademiyasının beynəlxalq təhlükəsizlik üzrə baş elmi əməkdaşı Vladimir Yevseyev isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında situasiya doğrudan da pisləşib. Ancaq böyük müharibədən qaçmağa imkan verən amillər də var: "Ötən ilin avqustu ilə müqayisədə hazırda döyüş əməliyyatları zonasında vəziyyət döyüş kəşfiyyatından kəşfiyyat-diversiya fəaliyyətinə doğru dəyişib. Vəziyyətin müəyyən inkişaf ssenarisində bütün bunlar münaqişənin eskalasiyasına gətirib çıxara bilər".Yevseyev xatırladıb ki, ötən ilin avqustunda təmas xəttində əsasən iriçaplı pulemotlardan istifadə olunurdusa hazırda minaatanlardan fəal istifadə edilir. Bütün bunlar isə cəbhədə ermənilərin daha çox itkilərə məruz qalması ilə müşayiət olunur. Hesab edilir ki, vəziyyətin indiki şərtlər daxilində davam etməsi fonunda Qarabağda müharibənin yenidən alovlanması da istisnalıq təşkil etmir.

Xüsusən də ermənilərin cəbhədə təxribatlarının davam etməsi fonunda qarşıdurmanın miqyasının genişlənməsi və cəbhədə daha ağır silahların işə düşməsi tamamilə gözləniləndir. Elə ötən ayın sonlarında baş verənlərin bunun daha bir real təsdiqi oldu. Xatırladaq ki, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar. Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Müdafiə Nazirliyi isə bir daha xəbərdab edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq. Bütün bunlar fonunda müharibənin yenidən alovlanması isə Ermənistanın qısa müddətdə məğlubiyyətini də qaçılmaz edir.