Avropada humanitar dəyərlər böhranı

3 Sentyabr 2015 09:00 (UTC+04:00)

Avropada miqrantlara münasibətdə yaşanan son vəziyyət burada humanitar, multikultural dəyərlərin iflasının da bir göstəricisi hesab olunur. Aydın görünür ki, Avropa ölkələrinin bir çoxu miqrantlara insani münasibətlə yanaşmaqdan imtina edirlər. Bu kontekstdə miqrantların Avropaya gəlişinin qarşısının alınması üçün ən müxtəlif metodlardan istifadə olunmaqdadır.

Məsələn, məlumdur ki, Macarıstana hər gün Suriya, Əfqanıstan və başqa ölkələrdə baş verən silahlı münaqişələr səbəbi ilə Avropaya üz tutan minlərlə insan daxil olur. Bunun qarşısını almaq üçün macar hökuməti Serbiya ilə sərhəddə 4 metrlik divar hörməyə başlayıb. Miqrantların, mühacirlərin bir çoxu Almaniyaya can atır, lakin orada onları istəmirlər. Rəsmi Berlin Avropa İttifaqı (Aİ) dövlətlərində qaçqın siyasətinin bu minvalla davam etməsinin qəti əleyhinədir. Hazırda Federal hökumət miqrantların sayını minimuma endirmək məqsədilə Aİ ölkələri arasında sərhəd nəzarəti tətbiq olunmasını və Şengen sazişinə düzəliş edilməsini nəzərdən keçirir. Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bəyan edib ki, Avropa İttifaqı dövlətləri arasında qaçqınlara sığınacaq verilməsinə dair mövcud müqavilə uzun müddət qüvvədə qala bilməz. Nazir hesab edir ki, Avropa üçün miqrant qəbulu haqda yeni sistem hazırlayıb tətbiq etmək qaçılmazdır. T.Mezyer bildirib ki, bir sıra Avropa İttifaqı dövlətləri mühacirləri ərazilərində yerləşdirmək istəmir və bu tendensiya davam etdiyi halda maneəsiz sərhəd keçidini təmin edən Şengen razılaşmasının aqibətindən söhbət gedə bilməz.

Avropa İttifaqı çərçivəsində qaçqınları qəbul etmək üçün məcburi kvotalarla razılaşmayan Çexiya, Polşa və Baltik ölkələri də mühacirlərə qarşı mövqelərini getdikcə sərtləşdirirlər. Çexiyanın baş naziri Boquslav Sobotka hesab edir ki, miqrantların qəbul edilməsi üçün kvotalar vəziyyəti sabitləşdirməyə kömək etməyəcək. B.Sobotka "CTK" agentliyinə deyib: "Bunun yeganə həll yolu Suriya və Liviya müharibələrinin başa çatmasıdır. Avropa İttifaqı və bütün beynəlxalq birlik bu məsələdə təzyiq göstərməlidir". Bu günlərdə isə Çexiyanın paytaxtı Praqada isə sözügedən məsələ ilə əlaqədar etiraz xarakterli aksiyalar keçirilib. Millətçi mövqedən çıxış edən etirazçılar "Multikulturalizm genosiddir", "Miqrasiyanı dayandırın" şüarlarını səsləndiriblər. Özlərini millətçi avropalılar adlandıran aksiyaçılar islam əleyhinə şüarlar səsləndiriblər. Bolqarıstan isə qaçqınlardan qorunmaq üçün Makedoniyaya 25 zirehli maşın göndərmək niyyətindədir.

Avropaya miqrasiya edən insanlar arasında dini mənsubiyyətinə görə də, artıq embarqo qoyulur. Belə bir addım Slovakiya hökuməti tərəfindən atılıb. Müsəlmanların miqrasiyasına embarqo tətbiq edən ölkə rəsmiləri onları ölkələrinə buraxmayacaqlarını bəyan ediblər. Miqrnatlara qarşı bu münasibət Avropada humanitar dəyərlərin necə sürətlə məhv olduğunun da göstəricisi sayıla bilər. Özü də nəzərə almaq lazımdır ki, Avropanın iştirakı ilə yaradılmış obyektiv səbəblər sayılan işğal, müharibə, silah alveri, kubar dövlətlərin dağıdılması kimi şərtlər aradan götürülməyib. Deməli, köç davam edəcək.

Bu arada mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaydığı məlumata əsasən, jari ilin əvvəlindən indiyədək Aralıq dənizi üzərindən Avropaya pənah aparan qaçqınların sayı 250 min nəfər olub. 2014-cü ildə isə bütün il ərzində qaçqınların sayı 219 min nəfər olub.

Hər gün orta hesabla min nəfər dəniz yolu ilə İtaliya, İspaniya, Yunanıstan, Malta və digər Avropa ölkələrinə üz tutur. Normadan artıq yüklənmiş, açıq dəniz səfərlərinə yaramayan, texniki avadanlığı və peşəkar ekipajı qənaətbəxş olmayan bu qayıqlarla yola çıxanlardan azı 2300 nəfəri təhlükəli səfərdə həlak olub. BMqT-nin baş direktoru Vilyam Leysi Svinq deyib ki, Aralıq dənizi hövzəsindəki vəziyyət həyəcan doğurur. O, Avropaya qaçqın axınına nəzarət etmək və tənzimləmək üçün Avropa İttifaqı ölkələrini səylərini birləşdirməyə, insan qaçaqçılarına qarşı mübarizənin effektivliyini artırmağa çağırıb. V. Svinq Avropaya miqrasiya axını ilə bağlı geniş ictimai debatların aparılmasının da vacibliyini bildirib və 500 milyon insanı əhatə edən Avropanın humanitar baza əsasında miqrantları qəbul etməyə qadır olduğunu deyib: "Lakin bu fenomen ətrafında gerçəklik deyil, daha çox emosiyalar, stereotiplər və miflər hökm sürür".