Ukrayna azərbaycanlılar üçün biznes cəlbediciliyini itirir

3 Sentyabr 2015 11:10 (UTC+04:00)

Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. İctimai-siyasi sabitsizlik iqtisadi sferaya da ciddi təsir göstərib. Artıq bu ölkədə iqtisadiyyatın bütün sahələrində tənəzzül qeydə alınıb.

Bu cür vəziyyət sahibkaralara da təsirsiz ötüşməyib. Xüsusi ilə də əcnəbi iş adamlarının müxtəlif zəmində qətlə yetirilməsi sahibkarlıq mühitini xeyli pisləşdirib. Bu fonda Ukraynanı tərk edən iş adamlarının sayı artır. Onlar arasında azərbaycanlı biznemenlər də var. Ekspertlərin sözlərinə görə, bu gün də azərbaycanlı biznesmenlər üçün Ukrayna əlverişli ölkə hesab edilmir. Bundan başqa, orada yaşayan azərbaycanlılar da müəyyən qədər təhlükə qarşısındadırlar.

İqtisadçı Pərviz Heydərov bildirir ki, bu və ya digər ölkədə investisiya fəaliyyəti üçün ilkin şərt orada içtimai-siyasi sabitliyin olmasıdır: "Müvafiq investisiya şəraiti ilə bağlı amillər bundan sonra əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Ukrayna tərəfi Azərbaycanın strateji tərəfdaşlarından biridir. Eyni zamanda, əvvəldən sözügedən ölkə ərazisində xeyli sayda azərbaycanlı biznes fəaliyyəti ilə məşğuldur. Ukrayna bir sıra sahələrdə azərbaycanlı iş adamları üçün hətta Rusiyadan da əlverişli məkan sayılıb. Lakin keçən ildən etibarən, məlum hadisələrlə bağlı Ukrayna ərazisində iqtisadi gəlir götürmək məqsədilə fəaliyyət göstərmək risk altına düşüb. Bu, sözügedən ölkəyə əlavə maraq imkanlarına şübhəsiz ki, pis təsir göstərir. Hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr üçün də bu, mənfi rol oynamaqdadır. Yaxınlarda Ukrayna prezidentinin ölkəmizə səfəri gözlənilir. Dövlətlərarası əlaqə və münasibətlərdə bundan sonra da irəliyə doğru qarşılıqlı addımların atılacağı şübhə doğurmur. Ancaq sahibkarlarımızın və müxtəlif iş adamlarımızın Ukraynada uğurlu fəaliyyətləri üçün təbii ki, müvafiq təminat verilməlidir".

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, Ukraynada böyük sərmaya qoymuş vətəndaşlarımız çoxdur: "Hətta gəmiçilik sahəsində də azərbaycanlılar təmsil olunur. Amma Ukraynanın şərqində gedən proseslər orada fəaliyyət quran sahbkarlara müəyyən qədər mənfi təsir göstərib. Sahibkarların müəyyən qismi təzyiqlərdən yayınaraq Ukraynanın digər vilayətlərinə köçüblər. Ancaq yenə də hərbi əməliyyatların getdiyi ərazilərdə azərbaycanlı bizesmenlərin olduqları bildirilir. Vaxtaşırı orada fəaliyyət göstərən sahibkarların qətli barəsində də xəbərlər alırıq. Bunlar da ümumi vəziyyətə mənfi təsir göstərən haldır.

Ancaq sərmayəsini Ukraynadan çıxaran tək azərbaycanlı biznesmenlər deyil. Həmin ərazidə sahibkarlıqla məşğul olan digər sahibkarların da çıxmaları barədə informasiyalar yayılır. Onun içində azərbaycanlı biznesmenlərin hansı faizə malik olması barədə isə informasiya yoxdur. İstənilən halda iş adamları sabitlik olan ölkəyə sərmaya qoymaqda maraqlıdırlar. Ukraynada isə hazırda sabitlik yoxdur. Hətta gərginliyin içində hədəfə sahibkarlıqla məşğul olan insanlar da alınır. Orada sabitlik yaranarsa, bizim biznesmenlər Ukraynaya sərmayə qoymağa maraqlıdırlar".