Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

2 Sentyabr 2015 16:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün, avqustun 28-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən iri fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatında sığortanın tətbiqi, toxum və gübrələrə olan təlabat, cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, su kanallarının bərpası, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

H. Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul başa çatdıqdan sonra nazir Heydər Əsədov Masallı şəhərində inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə və s. maraqlanıb.