Narkomanlığa düçar olmuş vətəndaşların sosial
və tibbi reabilitasiyası gücləndirilib. Səhiyyə Nazirliyindən Movqe.az-a
verilən məlumata görə, hər il dünyada narkotik istifadəçilərinin
sayı artır. Dünya statistikasına nəzər salsaq görərik ki,
narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına
səbəb olub.
2011-ci illə müqayisədə bu aşağı göstərici olsa da
bu 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm
sayıla bilməz. Yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması
hazırkı dövrün ən aktual məsələlərindəndir.
Beləki, birincisi, narkotiklərdən ilk istifadənin
əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya
xəstəliyinin 70% yaxın halları), ikincisi isə, narkotik vasitələrin
təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan
orqanizmə məhvedici təsir göstərir. Rəsmi statistikaya
əsasən 2013-cü il üçün –narkomaniya
xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan
15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324
nəfər, onlardan 20 nəfəri qadındır. 25-29 yaş arasında olan şəxslər
3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda,
2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi
sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5
nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan
şəxslər 3999 nəfər təşkil edir.
2014-cü ilin rəsmi statistik hesabatında
toksikomanların ümumi sayı 152 nəfərdir.