Deputatlardan facebookda aparılan sorğu ilə bağlı etiraz- "Bizim adlarımızı..."

3 Sentyabr 2015 16:10 (UTC+04:00)

Bir qrup deputat facebook sosial şəbəkəsində yaradılmış "Deputat 2015" səhifəsinin adminləri"nə müraciət edib. Movqe.az-ın məlumatına görə, həmin müraciət millət vəkilləri Azay Quliyev, Fazil Mustafa, Vahid Əhmədov tərəfindən edilib: "Əməkdaşlarımız sizin səhifənizdə "Son 5 ilin ən yaxşı deputatı kimdir?" adlı sorğu keçirildiyini bildirdilər. Məlumat verildi ki, həmin facebook səhifəsində səsvermənin hətta ikinci mərhələsi başlayıb və orada bizlər- Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədovla yanaşı daha iki həmkarımız yer alıb. Əlbəttə biz sosial şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə marağı başa düşürük. Biz həmçinin bizə dəstək olan və fəaliyyətimizi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimizə öz minnətdarlığımızı bildiririk. Lakin səhifədə digər millət vəkillərinin ünvanlarına etikadan kənar, həqiqətləri əks etdirməyən ifadələr, təhqirlər söylənilir və belə hesab edirik ki, bu cür yanaşma onlara qarşı haqsızlıqdır. Bununla yanaşı, millət vəkillərinin qarşı-qarşıya qoyulmasını və tərəfdarların arasında lüzumsuz mübahisələri doğru hesab etmirik. Ümumiyyətlə bu cür subyektiv sorğuları elmi-metodologiyaya əsaslanmadığı üçün aktual hesab etmirik.Bütün bunları nəzərə alaraq bizim adlarımızın sorğudan çıxarılmasını xahiş edirik!. Hörmətlə,millət vəkilləri Azay Quliyev, Fazil Mustafa, Vahid Əhmədov".